Yuxarı

​Azərbaycanda “quş qripi” xəstəliyi ilə bağlı keçirilən monitorinqin nəticələri açıqlanıb

1 471 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycanda iyunun 1-dən “quş qripi” ilə bağlı başlanan növbəti monitorinq çərçivəsində çöl quşlarından ovlanaraq götürülən nümunələrin müayinəsi başa çatıb. Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

Belə ki, 20 baş çöl quşunun patoloji materialları və ölkənin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlarından gətirilən 1 471 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Götürülmüş nümunələrin heç birində “quş qripi” xəstəliyinin törədicisi müəyyən edilməyib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılan bu nəzarət tədbiri köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Monitorinqin aparıldığı ərazilərdə, eləcə də ölkənin bütün təsərrüfatlarında saxlanılan quşlar arasında hər hansı iti infeksion xəstəliyə və yaxud xəstəlikdən tələf olma hallarına təsadüf olunmayıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkədə “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini (cari ildə 3 dəfə monitorinq aparılıb, çöl və ev quşlarından götürülən 5757 nümunə müayinə edilib), köçəri, sinantrop və ev quşları arasında bu xəstəliyin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin payız fəslində aparılmasını nəzərdə tutur.

“Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir”,- Y.Xanvəli bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi