Yuxarı
    Bağlamaq

    Azərbaycanda kollec direktoru və şöbə müdiri həbs olunub

    Cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

    Bakı. 12 fevral. REPORT.AZ/ Astara Pedaqoji Kollecinin tələbəsinin həmin kollecin vəzifəli şəxslərinin ondan rüşvət tələb etməsi barədə müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə "Report"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. 

    Kollecin direktoru Əlihəsən Həmzəyevin xidməti vəzifələrinin icrası ilə əlaqədar həmin kollecin vəzifəli şəxslərinə tələbələrdən semestr imtahanlarında müsbət qiymət yazılması üçün konkret məbləğlərdə pul alınması barədə göstərişlər verməsində, rüşvət istəməsində və almasında əsaslı şübhələr olduğundan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq materiallar əldə edilib.

    Faktla bağlı cinayət işi başlanmış və həyata keçirilmiş istintaq tədbirləri ilə Ə.Həmzəyevin kollecin bədən tərbiyəsi və idman şöbəsinin müdiri Aqil Veysəlov ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 2014-2015-ci tədris ilinin qış imtahan sessiyası zamanı ayrı-ayrı tələbələrdən alınmış ümumilikdə 8 min 200 manat məbləğində pulu xidməti otağında rüşvət kimi almasında, bundan başqa, kollecin digər vəzifəli şəxsi vasitəsi ilə tələbədən 100 manat məbləğində pulu rüşvət kimi istəməsində şübhələr üçün əsaslar olduğundan Ə.Həmzəyevə və A.Veysəlova Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) maddəsində nəzərdə tutulan ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi