Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanda iki qadın piyada qəza zamanı ölüb. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, ilk hadisə Gəncə şəhərində baş verib. Şəhər sakini Kamil Şirinzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmyerlisi Dünyaxanım İsmayılovanı vurub və nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Qəza ilə bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.
Digər bir qəza isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində olub. Qəsəbə ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini Arzu Qoşqarova vurulub. Nəticədə piyada hadisə yerində ölüb. Abşeron Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “VAZ-21074” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Kamran İslamov tutulub.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.