Yuxarı
    Bağlamaq

    Şahin Yusifov: "Azərbaycanda həbs olunan 7 nəfərdən biri narkotikdə ittiham edilir"

    Lakin hakimlər hər zaman cəsarətli deyillər

    Bakı. 4 mart. REPORT.AZ/ "Azərbaycanda həbs olunan 7 nəfərdən biri Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə) maddəsi ilə ittiham edilir".

    "Report"un məlumatına görə, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov Məhkəmə Hakimləri Assosasiyaları İttifaqının ümumi yığıncağında bildirib.

    Onun sözlərinə görə, cəzaçəkmə müəssisələri, istintaq təcridxanaları bu maddə ilə cəza çəkən şəxslərlə doludur: "Bu cür məsələlərdə hakimlər diqqətli olmalıdırlar. Ən bəlalı məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlıdır. Çünkü bu gün azadlıqdan məhrum etmə cəzası çəkənlər arasında 7 nəfərdən biri bu maddə ilə ittiham olunmuş şəxslərdir".

    Ş.Yusifbov deyib ki, üç gün əvvəl 65 məhkum bununla bağlı müraciət edib: "Çünki onlar da saxlanıldıqları yerdə fərmanları oxuyurlar. Həmin şəxslər prezidentin mövqeyinin məhkumların vəziyyətinin humanistləşməsinə yönəldiyini göstərirlər. Onlar azad olunmalarına yardım göstərilməsi üçün bizdən xahiş edirlər. Hətta həmin şəxslərin bəziləri qanunsuz yerə məhkum edildiklərini bildirirlər. Biz də baxılmış işləri təhlil edəndə polislərin yenə də plan doldurmaqla məşğul olduğunu görürük. Cinayət təqibi orqanlarını buna yol verilməməsini başa salmalıyıq. Əgər həmin şəxs narkomandırsa, qanunsuz olaraq narkotik maddələrinin dövriyyəsi ilə məşğuldursa, məsuliyyətə cəlb edilməlidir. Əgər əvvəllər dəfələrlə məhkum olunubsa və lazım olanda həbs edilməsi üçün nəzarət altında saxlanılırsa, bu addım düzgün deyil. Bu, nəyə lazımdır?".

    O, hakimlərdən bu cür işlərə diqqətlə yanaşmalarını və qanunsuz azadlıqdan məhrumetmə hallarına yol verilməməsini tələb edib: "Əvvəlki illərlə müqayisədə bu məsələdə müəyyən dönüş var. Bəraət hökmləri var və bunu alqışlayırıq. Ancaq hakimlər hər zaman cəsarətli deyillər. Onlar qanunsuz və əsassız hökm çıxarmaq olmaz".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi