Bakı. 30 iyul. REPORT.AZ/ Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 611 ağır və xüsusilə ağır cinayət törətmiş 134 cinayətkar qrup zərərsizləşdirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bu barədə Baş prokuror Zakir Qaralov prokurorluq orqanları tərəfindən 2016-cı ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.
Z.Qaralovun sözlərinə görə, istintaqı tamamlanmış cinayət işləri üzrə hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,9% yaxşılaşaraq 85,6% təşkil edib: “2016-cı ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Qeyd edilən tədbirlərin, habelə prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirdiyi əlaqəli işin nəticəsində qeydə alınmış 87 qəsdən adam öldürmə cinayətlərindən 85 hadisənin, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş 42 hadisənin isti izlərlə açılması təmin olunmaqla, həmin cinayətlərin açılması 97,7 % (2015-ci ilin müvafiq dövründə 98,9 %) təşkil edib.
O, xüsusi qeyd edib ki, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə və yüksək peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində əvvəlki illərdə Xaçmaz və Bərdə rayonlarında törədilməklə bağlı qalan 2 qəsdən adam öldürmə cinayətlərindən 1-nin açılması təmin edilib, Bərdə rayonunda törədilməklə bağlı qalmış cinayətin açılması, təqsirkar şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində zəruri istintaq və əməliyyat-axtarış işlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.