Azərbaycanda amnistiya düşən bir qrup şəxs azadlığa buraxılıb

Azərbaycanda amnistiya düşən bir qrup şəxs azadlığa buraxılıb Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Amnistiya aktının icrasına başlanılıb
Hadisə
15 İyun , 2016 13:17
Azərbaycanda amnistiya düşən bir qrup şəxs azadlığa buraxılıb

Bakı. 15 iyun. REPORT.AZ/ Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Amnistiya aktının icrasına başlanılıb.

"Report" xəbər verir ki, proses icrası Ədliyyə Nazirliyinin məsul əməkdaşlarının, Penitensiar Xidmət üzrə təşkil edilmiş komissiyanın, ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin, Ombudsman Aparatı, habelə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə həyata keçirilib.

Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin məsul əməkdaşları məhkumların saxlanıldıqları cəzaçəkmə müəssisələrində olub, Amnistiya Aktının icrasını təmin ediblər.

Amnistiya düşən şəxslər Penitensiar Xidmətin tabeliyindəki cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıblar. Bununla əlaqədar keçirilən tədbirlərdə çıxış edənlər amnistiya şamil olunan şəxslərin bu humanist aktdan düzgün nəticə çıxaracaqlarını, Azərbaycan dövlətinin qanunlarına əməl edəcəklərinə və cəmiyyətimiz üçün bundan sonra faydalı, layiqli vətəndaş olacaqlarına əminliklərini bildiriblər. Amnistiya aktı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi xarakterizə edilib.

Penitensiar Xidmətin rəhbərliyi cəzaçəkmə müəssisələrində amnistiya aktının əhatə etdiyi şəxslərə azad olunmaları barədə buraxılış vərəqələrini təqdim edib.

Amnistiya aktına əsasən azadlığa çıxan şəxslər və onları qarşılamağa gəlmiş ailə üzvləri, yaxınları göstərdiyi humanistliyə və neçə-neçə ailələrə səadət, sevinc bəxş etdiyinə görə Prezident İlham Əliyevə və birinci xanım, Milli Məclisin deputatı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Milli Məclis Heydər Əliyev Fondunun Prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə “28 May - Respublika Günü münasibətilə Amnistiya aktı qəbul edib. 

Ümumilikdə, 10 min məhkum amnistiya aktının təsiri altına düşür, onlardan 3 min 500-ə yaxın şəxs cəzaçəkmə müəssisələrindən azad ediləcək.

Amnistiya aktıının icra müddəti dörd aydır.

Son xəbərlər

Orphus sistemi