Yuxarı

Azərbaycanda 19 il həbs cəzası almış şəxs apellyasiya şikayəti verib

O, bir nəfəri qətlə yetirməkdə, 2 nəfəri isə yaralamaqda təqsirli bilinir

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bir nəfəri qətlə yetirməkdə, 2 nəfəri isə yaralamaqda təqsirli bilinən Goranboy rayon sakini, 21 yaşlı Orxan Yasin oğlu Abdullayev barəsindəki məhkəmə hökmündən apellyasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən şikayətə oktyabrın 19-da baxılacaq.

Qeyd edək ki, hadisə 2014-cü ilin oktyabr ayında baş verib. Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) və şəhər prokurorluğunun birgə məlumatına əsasən, oktyabrın 28-də saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində fəaliyyət göstərən “Xəzri TN” MMC-yə məxsus çörək zavodunun qarışısında həmin zavodda fəhlə işləyən Abdullayev Orxan Yasin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı özündə olan bıçaqla zavodda sürücü və fəhlə işləyən Kərimov Elşad Fariz oğlu, Süleymanov Anar Əhliman oğlu və Cəbrayılzadə Ömər Şahin oğluna çoxsaylı bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

E.Kərimov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Bakı şəhər BPİ və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən O.Abdullayev tutularaq istintaqa cəlb olunub, cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Bu ilin avqust ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində O.Abdullayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi