Yuxarı

Azərbaycanda 18 tondan çox çətənə kolları məhv edilib

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir

Bakı. 30 iyul. REPORT.AZ/ “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən zəruri tədbirlər cari ilin ötən dövründə də uğurla davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Report”a verilən məlumata görə, cari il iyulun 21-22-də respublikanın Şimal-Qərb bölgəsindəki meşə massivlərində DİN-in aidiyyəti qurumları əməkdaşlarının, həmçinin Dövlət Sərhəd Xidməti və Daxili Qoşunların hərbi qulluqçularının iştirakı ilə "Xaş-Xaş 2016" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Xüsusi təyinatlı nəqliyyat vasitələrinin və helikopterlərin də cəlb olunduğu əməliyyatlar nəticəsində meşə zolaqlarında narkotik tərkibli bitkilərin xüsusi aqrotexniki qaydada - kultivasiya yolu ilə yetişdirilməsinə dair 22 fakt müəyyən olunub. Həmin faktlar üzrə ümumi çəkisi 1 ton 450 kiloqram olan 4187 ədəd çətənə kolları aşkar olunaraq maddi sübut kimi götürülüb.

Toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işləri başlanılaraq zəruri əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.

Xüsusi əməliyyat və profilaktik tədbirlərin davamı olaraq həmin ərazidə 17 hektar sahədə yabanı halda bitmiş, ümumi çəkisi 18 ton 510 kiloqram olan 11 min 973 ədəd çətənə kolları da aşkar olunaraq məhv edilib.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı analoji tədbirlər davam etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi