Bakı. 8 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin əməkdaşları mobil telefon və aksesuarlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısını alıblar.
“Report” DGK-ya istinadən xəbər verir ki, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Vətəndaş sorğu-sual zamanı avtomobildə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda qoltuqaltının altında və torpedonun içərisindəki maqnitofonun arxasında - 3 ədəd "Samsung Galaxy J4", 1 ədəd "Samsung Galaxy J5 pro", 2 ədəd "Samsung Galaxy J6" və 1 ədəd "Samsung Galaxy A6" markalı mobil telefonlar, 15 ədəd "qulaqcıq", 15 ədəd USB kabel, 15 ədəd qidalandırıcı və mobil telefon üçün 12 ədəd qutu aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.