Bakı. 16 aprel. REPORT.AZ/ İnsan sağlamlığına və ətraf mühitə ciddi təhlükə törədən maddələrin qaçaqmalçılığının qarşısının alınması istiqamətində aparılan mübarizə tədbirləri çərçivəsində Azərbaycan gömrükçüləri 636,14 qram civənin ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısını alıblar. Bu barədə ”Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.
Xüsusi təhlükəli maddə Rusiya Federasiyasından Azərbaycana gələn Qazaxıstan vətəndaşında aşkar olunub. Xaçmaz Gömrük İdarəsinin “Samur “ gömrük postunda piyada yolla ölkəmizə gələn həmin şəxsin əl yükü olan 1 ədəd çantaya “Heiman Smith” markalı rentgen aparatında gömrük baxışı keçirilib. Çantadakı konfetlərin arasında şübhəli qaraltılar müşahidə olunduğundan yüklər qanunvericiliyin tələbləri çərçivəsində yoxlanılıb. Yoxlama zamanı çantadakı konfetlərin qablaşdırıldığı kağızlara bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən 3 ədəd flakonda çəkiləri 216,65 qram, 211,32 qram və 208,17 qram olmaqla, ümumilikdə çəkisi 636,14 qram olan civə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.