Bakı. 11 may. REPORT.AZ/ Yaroslavl prokurorluğu istintaq orqanlarının Azərbaycan vətəndaşına qarşı həbs qətimkan tədbiri seçilməsi haqqında vəsatətini təmin edib.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, saxta pul və ya qiymətli kağızların hazırlanması, saxlanması, daşınması və ya istifadəsi üzrə cinayət törətməkdə şübhəli bilinir.
Yaroslavl rayon prokurorluğunun məlumatına görə, saxlanılan şəxs Moskvada yaşayıb və bir neçə gün əvvəl həmyerliləri ilə Yaroslavla gəlib. Prokurorluq Azərbaycan vətəndaşının müxtəlif ticarət nöqtələrində beş min rubl nominallı saxta pulla ödənişlər həyata keçirdiyini də bildirib. Növbəti saxta pul istifadəsi zamanı o, digər həmvətənləri ilə birlikdə həbs edilib.
Hələlik ona qarşı nəzarətxanada saxlama qərarı çıxarılıb. Azərbaycan vətəndaşı 8 illiyə azadlıqdan məhrum edilə bilər.