Yuxarı

Azərbaycan ombudsmanının hesabatında məhkəmə qərarlarının icrası vəziyyəti tənqid olunub

Ötən il 22 ədliyyə işçisi tutduğu vəzifədən azad edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib. "Report" xəbər verir ki, bu barədə insan hüquqları üzrə müvəkkilin (ombudsman) 2014-cü il üzrə illik hesabatında bildirilib.

Məruzədə qeyd edilib ki, onlardan 8-i ədliyyə orqanlarından xaric edilib, eləcə də 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilib, 22-si tutduğu vəzifədən azad olunub, 12-nə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib, 14-nə şiddətli töhmət, 10-na töhmət və 2-nə irad tutulub.

"Ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox hallarda əsassız olaraq yubadılması, süründürməçilik hallarına yol verilməsi, vətəndaşların incidilməsi, hüquqazidd hərəkət və nöqsanlar ədalət mühakiməsinin səmərəliliyinə mənfi təsir göstərməklə yanaşı, vətəndaşların konstitusiya ilə müəyyən edilən hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnu pozur. Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb. Bu da məhkəmə qərarına müvafiq olaraq tələbkar qismində çıxış edən vətəndaşların hüquqlarının pozulması ilə nəticələnib", - hesabat sənədində bildirilib.

Həmçinin alimentin ödənilməsi tələbinə dair məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı 248 müraciət daxil olub. Alimentin borclu tərəfindən vaxtaşırı ödənilməməsi və ya ödənişdən boyun qaçırması, yaxud da ödənişin yubadılması üzrə şikayətlər daha çox olub.

Sənəddə qeyd olunub ki, boşanmaların sayının artması, belə anaların əksər hissəsinin işləməyən, himayəsində azyaşlı uşaqlar olan və yeganə təminat vasitəsi kimi alimentə daha çox ehtiyacı olan evdar qadınlar olduğunu, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı çoxsaylı problemləri nəzərə alaraq "Aliment Fondu"nun yaradılması (alimentin sonradan borcludan məcburi qaydada alınması şərti ilə müvafiq dövlət qurumu tərəfindən ödənilməsi mexanizminin hazırlanıb tətbiq edilməsi) zəruridir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi