Baki. 15 mart. REPORT.AZ/ Gömrük əməkdaşları külli miqdarda saxta aksiz markasının Azərbaycan gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıblar.
Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Məlumatya görə, DGK-nın Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Türkiyədən Azərbaycana gələn "Mercedes-Benz" markalı, 34UG2028 nömrə nişanlı sərnişin avtobusunun sürücü köməkçisi ölkə vətəndaşı Səbuhi Ramiz oğlu İsmayılov gömrük nəzarətinə "sellofan rulon" adı altında 4 ədəd çanta bəyan edib.
Həmin çantalar müvəqqəti saxlanc üçün müvafiq qaydada "Sınıq Körpü" gömrük postunun anbarına təhvil verilib. Lakin sonradan daxil olan məlumat əsasında, çantalara hal şahidlərinin və çantalara gömrük nəzarətinə təqdim edən vətəndaşın iştirakı ilə baxış keçirilib.
Nəticədə, hər bir çantada 50 rulon olmaqla, cəmi 200 rulon, hər bir rulonda isə 5 min ədəd olmaqla, cəmi 1 milyon ədəd - üzərində "Azərbaycan Respublikası", "Daxili istehsal", "Alkoqollu içkilər" sözləri yazılmış aksiz markaları aşkar edilib.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aşkar edilən aksiz markalarının saxta olduğunu müəyyən edib.
Faktla bağlı araşdırma aparılır.