Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavininin məhkəməsində şahid ifadə verib

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavininin məhkəməsində şahid ifadə verib Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
13 Aprel , 2018 11:51
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri və müavininin məhkəməsində şahid ifadə verib

Bakı. 13 aprel. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə gərə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Arzuman Həsənov ifadə verib.

O bildirib ki, həmin torpaqlar üçün 30 min manat vəsait qoyub. Şahid qeyd edib ki, bizneslə məşğul olur: "Özüm villa, ev tikib satıram. Həmin ərazidən torpağı əvvəl onlardan aldım. Sonra dedilər ki, torpaq veteranlara veriləcək, mən də satdım. Heç xeyir də götürmədim".

A.Həsənov 1992-ci ildən 1996-cı ilə qədər Qarabağ döyüşlərində iştirak etdiyini söyləyib: "Daha əvvəl isə Almaniyada hərbi zidmətdə olmuşam. Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin üzviyəm".

Hakim bildirib ki, A.Həsənovun istintaqda verdiyi ifadəsi ilə məhkəmədə dedikləri arasında kəskin ziddiyətlər var. Onun istintaqa verdiyi ifadəsi elan olunub.

Şahid istintaqa deyib ki, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədr müavini Cavan Əhmədovdan 10 sot torpaq almaq üçün razılığa gəliblər: "Torpaq sahəsini qohumum Rauf Həsənovun adına almışam. 30 min manat pulu isə Ənvər müəllimə vermişəm. Elə bilmişəm ki, bu puldan Cavan Əhmədovun xəbəri var. Sonra isə torpağı satmışam".

A.Həsənov təqsirləndirilən şəxslərə pul vermədiyini deyib: "Heç ora yazılanı oxumamışdım".

Təqsirləndirilən M.Vəliyev söyləyib ki, Ənvər adlı şəxs daha əvvəl birliyin İdarə Heyətinin üzvü olub, həmçinin polis əməkdaşı vəzifəsində çalışıb.

Digər şahid Şöhrət Əliyev dindirilib. O, birliyin üzvü olduğunu deyib: "2008-ci ildə Cavan müəllimin qəbulunda olmuşam. 6 sot torpağı ölçdülər. Sonra sənədləşdirmək üçün sotuna 1000 manat pul istədilər. Cavan Əhmədova 6 min, bələdiyyə sədrinə isə rüsum üçün 2520 manat pul verdim".

C.Əhmədov isə Ş.Əliyevdən pul istəmədiyini bildirib.

Qeyd edək ki, M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Daha əvvəl mətbuatda veteranlar təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.

Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Onların sözlərinə görə, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: "Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər. Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”.

Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: "11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir".

Onlar söyləyiblər ki, edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 311-ci (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məlumata görə, birliyinin sədri M.Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za boyevıye zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi