Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyinin məhkəməsində şahidlər ifadə verib

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyinin məhkəməsində şahidlər ifadə verib Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
28 Fevral , 2018 11:43
Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin rəhbərliyinin məhkəməsində şahidlər ifadə verib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqsirləndirilən 1961-ci il təvəllüdlü Məhəmməd Vəliyev və həmyaşıdı Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə gərə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktının nəticə hissəsini elan edib.

Elan olunmuş ittiham üzrə hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilmədiklərini deyiblər.

Daha sonra şahid qismində Əfqanıstan Veteranları İctimai Birliyinin Nərimanov rayon təşkilatının sədri və Birliyin İdarə Heyətinin üzvü Arif Əsgərov ifadə verib.

O qeyd edib ki, 2-ci qrup əlildir: "Mən bu iş üzrə zərərçəkən qismində tanınmalı idim. Bu barədə ərizə də yazmışam".

Hakim söyləyib ki, cinayət işində rüşvət vermə maddəsi varsa, heç kəs zərərçəkmiş qismində tanınmır.

A.Əsgərov ifadəsində bildirib ki, 1985-1987-ci illərdə Əfqanıstan müharibəsində iştirak edib: "Mən Nizami rayonu ərazisində qeydiyatda idim. Lakin bu şəxslər məni aparıb Suraxanıda bataqlığa saldılar, oradan torpaq verdilər. Torpağa görə narazılıq elədim. Bu barədə Cavan Əhmədova dedim. O da söylədi ki, sədrə məlumat verəcəm. Sonra 2010-cu ildə Cavan Əhmədova 3000 manat pul verdim. O, mənə Nizami rayonu ərazisində torpaq verəcəkdi. 2013-cü ildə eşitdik ki, Nizami rayonu ərazisində olan torpaqlar biz veteranlara pulsuz verilməlidir".

O dindirilən zaman söyləyib ki, təqsirləndirilən M.Vəliyevin oğlu makler kimi həmin torpaqları satıb: "Mən onların bir neçə şəxsdən pul aldığını görmüşəm. Hazırda yaşadığım ev suyun içərisindədir. Mən həmin şəxslərə rüşvət verməmişəm. Onlar məni aldatdılar".

Daha sonra şahid qismində Əfqanıstan veteranı Azad Əliyev dindirilib. O, təqsirləndirilən C.Əhmədova 4 sot torpaq üçün ümumilikdə 8800 manat pul verdiyini söyləyib: "Mən bələdiyyəyə rüsum üçün də 1680 manat pul vermişəm. Cavana pul verəndən sonra torpaq üçün sənəd almamışam. Ona deyəndə ki, "məndən çox pul aldın". Cavan mənə bildirdi ki, özün bil, istəsən də budur, istəməsən də. Pulu Dilarə Əliyeva küçəsində onun otağında vermişəm".

Təqsirləndirilən C.Əhmədov şahidin ona pul vermədiyini qeyd edib.

Digər Əfqanıstan veteranı, şahid Azər Mustafayev ifadəsində söyləyib ki, pulu qayınanası İradə Hüseynova verib: "Mən özüm orada olmamışam, işim var idi, deyə pulu qayınanam verdi".

Məhkəmənin növbəti iclası martın 7-nə təyin edilib.

Qeyd edək ki, M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə təşkilatın sədr müavinidir.

Hər iki təqsirləndirilən dələduzluq, rüşvət alma və sənədlərin saxtalaşdırılmasında ittiham edilirlər.

Daha əvvəl mətbuatda veteranlar təşkilatın sədr və sədr müavinindən şikayətçi olduqları qeyd edilib.

Şikayətçilər bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Onların sözlərinə görə, Prezidentin tapşırığı ilə 2005-ci ilin mart ayında veteranların fərdi ev tikintisi üçün 10,35 ha torpaq sahəsi ayrılıb: "Bizim sosial vəziyyətimizin yaxşılaşdırılması istiqamətində müəyyən tapşırıqlar verilib. Ancaq birliyin sədri Məhəmməd Vəliyev bizim bu imtiyazlardan istifadə etməmizə mane olur. Biz başa düşə bilmirik ki, heç Əfqanıstan müharibə veteranı olmayan bir insan necə birliyin sədri ola bilər. Onlar özlərinə yaxşı biznes qurublar. Birlik üçün nəzərdə tutulmuş torpaq sahəsini sadəcə veteranlara yox, digər şəxslərə də 3500-8000 manat arasındakı qiymətə satır. Əgər araşdırılsa, torpaq sahiblərinin heç müharibə veteranı olmadığı aydın görünər. Hətta birliyin Dilarə Əliyeva 251 ünvanında yerləşən ofisi də bu yaxınlarda satılıb”.

Şikayətçilər onu da qeyd edib ki, Əfqanıstan müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə dövlət tərəfindən ayrılmış limitlər və yardımlar da sədr tərəfindən mənimsənilib: "11 il ərzində heç bir hesabat müşavirəsi keçirilməyib. Birlik üçün il ərzində nə qədər yardım ayrıldığı da qeyri-müəyyəndir".

Onlar söyləyiblər ki, edirlər ki, maşın verilməsi nəzərdə tutulan 42 veteranın hər birindən 1000 manat pul tələb olunub.

Zərərçəkmişlər 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. İş araşdırılması üçün Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə idarəsində göndərilib.

Həmin şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 311-ci (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Məlumata görə, birliyinin sədri M.Vəliyev Əfqanıstan müharibəsində göstərdiyi şücaətlərə görə “Za boyevıye zasluqi”, “Tərəqqi” medalı ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi