Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) kadr dəyişiklikləri ilə bağlı açıqlama verib.
DİN-in mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəisi general-mayor Rafiq Abbasov vəzifəsindən azad edilərək DİN-in Baş Kadrlar İdarəsinin rəisi təyin olunub.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) rəisi general-mayor Mirqafar Seyidov vəzifəsindən azad edilərək BŞBPİ-nin rəisi vəzifəsinə təyin olunub.
Nazir Ramil Usubovun digər bir əmri ilə Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov BMCMİ-yə rəis təyin olunub.
Nəsimi Rayon Polis İdarəsinin (RPİ) rəisi Musa Musayev isə “Report”a açıqlamasında yeni vəzifə təyinatı almadığını və hazırda iş yerində olduğunu bildirib.