Məlumatda bildirilib ki, “Oba” MTK-nın vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Qazax rayon sakininin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı “Oba” MTK-nın vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunda inşa etdikləri yaşayış binasındakı mənzilin Qazax rayon sakininə satılması barədə müqavilə bağlanmasına baxmayaraq, faktiki olaraq həmin mənzili başqa şəxsə satmaqla 22 500 ABŞ dolları və 3 500 manat məbləğində özgənin pul vəsaitini ələ keçirmələr məlum olub. İstintaq zamanı tikinti şirkətinin həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırmalarında şübhələr üçün əsaslar yaranıb. Bu səbəbdən sadalanan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 213.2.2(vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.