Bakı. 16 sentyabr. REPORT.AZ/ Lənkəran Dövlət Humanitar Kollecinə qanunsuz tələbə qəbulu ilə əlaqədar Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Bu barədə Report-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Belə ki, “Tələbə-Məzun” dövlət elektron sisteminin monitorinqi zamanı 2012-2013 və 2013-2014-cü tədris illəri üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etmiş, lakin keçid balı toplaya bilməyən 69 abituriyentin TQDK-nın bəzi əmrlərinin saxtalaşdırılaraq kollecə qəbul edilməsində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.