Yuxarı

Bakıda Avstriya yığmasının atletlərini avtobusla vurma hadisəsinə görə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Proses yanvarın 15-dək təxirə salınıb

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədov, həmçinin Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov, Elçin Həsənov və Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Proses yanvarın 15-dək təxirə salınıb.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü Vəli Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamov və Elçin Həsənov adlı şəxs tutulub. F.Əmiraslanov isə zaminə buraxılıb.

V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci, H.Salmanov və E.Həsənova qarşı 308-ci, F.Əmiraslanova qarşı isə 314-cü maddəsi ilə ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi