Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə tutulan şəxslərə hökm oxunub

Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə tutulan şəxslərə hökm oxunub Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən proses başa çatıb
Hadisə
19 Sentyabr , 2016 16:20
Avstriya atletlərini avtobusla vurma hadisəsinə görə tutulan şəxslərə hökm oxunub

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda Avstriya yığmasının atletlərini avtobusla vurmaqda təqsirləndirilən avtobus sürücüsü Vəli Əhmədovun, həmçinin Nəqliyyat Nazirliyinin (NN) Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi Hüseyn Salamovun, "Təhlükəsiz şəhər" kamerasının operatoru Elçin Həsənovun və NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi Fərid Əmiraslanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Salamovun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 308.1-ci (vəzifə səlahiyyətindən sui-istifadə olunma) maddəsi həmin məcəllənin 314.2-ci (səhlənkarlıq) maddəsinə tövsif edilib. H.Salamov və V.Əhmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki şəxsin cəzalarını Məntəqə Tipli Cəzacəkmə Müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.

E.Həsənov 4 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Digər təqsirləndirilən F.Əmiraslamovun barəsində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 11 ay 28 gün müddətinə şərti cəza verilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında V.Əhmədovun 3 il, F.Əmiraslanovun 5 il və H.Salamov ilə E.Həsənovun isə hər birinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2015-ci il iyun ayının 11-də, I Avropa Oyunlarının "Atletlər kəndi"nin nəqliyyat deposunda, "Bakubus" MMC-yə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Paceri vurub. Hadisədən sonra avtobusun sürücüsü V.Əhmədov, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin şöbə rəisi H.Salamov və "Təhlükəsiz şəhər” kamerasının operatoru E.Həsənov adlı şəxs tutulub. NN-in Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişindaşıma Departamentinin məsləhətçisi F.Əmiraslanov isə işlə bağlı istintaqa cəlb olunsa da, barəsində həbs qətimkan tədbiri seçilməyib. O, zaminə buraxılıb. V.Əhmədova qarşı Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda), H.Salmanov və E.Həsənova qarşı 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), F.Əmiraslanova qarşı isə 314-cü (səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

2016-cı ilin yanvar ayının 15-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən, cinayət işinin baxılmasına xitam verilib və iş ibtidai istintaqa qaytarılıb. Buna səbəb kimi zərərçəkmiş şəxslərin ifadələrinin alınmaması və onların hüquqlarının pozulması göstərilib. Cinayət işi yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi