Yuxarı
    Bağlamaq

    Daxili Qoşunlar Avropa Oyunları ilə əlaqədar əməliyyat qərargahları yaradıb - FOTO

    DQ komandanı cavabdehlik daşıyan məsul vəzifəli şəxslərə konkret tapşırıqlarını verib

    Bakı. 2 iyun. REPORT.AZ/ I Avropa Oyunları ərəfəsində və yarışlar zamanı ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinə digər güc strukturları ilə yanaşı cəlb edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunları da şəxsi heyətin hazırlığı və bütün təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqları tam yerinə yetirib. 

    “Report” DİN-ə istinadən xəbər verir ki, bu məqsədlə, daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov tərəfindən Daxili Qoşunların Bakı şəhərində yerləşən 2 hərbi hissəsində I Avropa Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş hərbi qulluqçuların hazırlığı, geyim təminatı, xüsusi avadanlıq və vasitələrlə təchizatı, eləcə də avtomobil və xüsusi texnikaların vəziyyəti yoxlanılıb.

    General-leytenant Ş.Məmmədova məruzə olunub ki, hərbi hissələrin şəxsi heyəti respublikada keçiriləcək I Avropa Oyunları zamanı qarşıya qoyulmuş tapşırıqların təmin edilməsində xidmətə tam hazırdır. Qeyd olunub ki, yarışların keçiriləcəyi ərazilərə xüsusi icazəsi olmayan şəxslərin və avtomaşınların daxil olmasının, eyni zamanda, baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Belə ki, xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə komandanlıqlarının xidmətaparma yerləri ilə əyani tanışlığı təmin edilib. Daxili Qoşunların bütün şəxsi heyəti ilə l Avropa Oyunlarının tarixi əhəmiyyəti və siyasi mahiyyəti barəsində, xidmət zamanı davranış xüsusiyyətləri ilə əlaqədar söhbətlər aparılıb. Həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib.

    Yarışlarda iştirak edəcək vətəndaşları xüsusi aparatlarla yoxlamaq məqsədilə hərbi qulluqçulara polis orqanlarının əməkdaşları ilə birlikdə müvafiq kurslar keçirilib. Buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçularla 45 günlük ingilis dili kursları təşkil olunub. Bununla yanaşı, styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyət və qadın hərbi qulluqçuların xüsusi geyim forması, perimetr boyu xidmət aparacaq hərbi qulluqçuların isə xüsusi önlüklərlə təminatına baxış keçirilib. Hələ 2014-cü ilin sonundan etibarən Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlikdə təşkil olunmuş kurslarda təlim keçmiş mühəndis-istehkam qruplarının da təminatına və təchizatına diqqət yetirilib. Daha sonra xidmət aparılan zaman əməliyyat qərargahları, köməkçi əməliyyat qərargahları, eləcə də Daxili Qoşunların Baş İdarəsində Baş İdarəetmə Mərkəzi ilə dayanıqlı rabitənin təşkil edilməsi üçün rabitə avadanlıqlarına baxış keçirilib.

    Xidmətin daha yüksək səviyyədə təşkil olunması üçün yeni müasir avadanlıq, texnika və xüsusi avtomobillər alınıb. Yarışlar zamanı şəxsi heyətin daşınması üçün əsasən iritutumlu və ortatutumlu avtobuslardan istifadə olunacaq. Həmçinin şəxsi heyətin keyfiyyətli ərzaqla təmin olunması üçün üzərində soyuducu quraşdırılmış refrijeratorların da istifadəyə hazırlığı yoxlanılıb.

    Komandan Daxili İşlər Nazirliyinin xidmətlərinin, ərazi polis orqanlarının, nizami polis hissələrinin və Daxili Qoşunların hərbi qulluqçularının fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində cavabdehlik daşıyan məsul vəzifəli şəxslərə konkret tapşırıqlarını verib.

    Sonra daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov şəxsi heyət qarşısında çıxış edib. Daxili Qoşunların I Avropa Oyunları zamanı ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə xidmətə tam hazır olduğunu diqqətə çatdıran general-leytenant Ş.Məmmədov şəxsi heyətə çətin və məsuliyyətli işdə uğurlar arzulayaraq göstərilən etimadı doğruldacaqlarına əminliyini ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi