"Avis"in direktorunun məhkəməsi başlayıb

"Avis"in direktorunun məhkəməsi başlayıb "320 manatlıq dərmanı mənə 1220 manata satdılar"
Hadisə
20 Sentyabr , 2016 15:33
Avisin direktorunun məhkəməsi başlayıb

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində süni qiymət artımında təqsirləndirilən Elmir Məhərovun cinayət işi üzrə məhkəməsinin baxış iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə şahid Ramid Abdullayev ifadə verib. O bildirib ki, Nərimanov rayonu ərazisində yerləşən "Avis" aptekdən 320 manatlıq dərmanı ona 1220 manata satıblar: "Həmin dərmanı qohumuma alırdım. Bundan sonra gedib Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Baş Prokurorluğa şikayət etdim".

R.Abdullayev aptekə dərman üçün ödədiyi pulu hələ də ala bilmədiyini deyib.

Şahid Vəfa Qasımova ifadəsində "Avromed" MMC-də idxal üzrə mütəxəssis olduğunu qeyd edib: "Elmir Mərdiyev ittiham aktında göstərib ki, bəzi dərmanları bizdən alıb. Lakin dərmanların bir çoxunu onların özləri idxal edib. İstintaqa verdiyim ifadəmi təsdiqləyirəm".

Məhkəmənin növbəti iclası sentyabrın 30-na təyin edilib.

Qeyd edək ki, bu il yanvar ayının 29-da Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən “AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən “AVİS” aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vəsitələrinin qanunsuz satılması müəyyən edilib.

“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O.Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitələri, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülmüşdür.

Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitləri aşkar edilib.

“Maymed” MMC-nin direktoru E.Məhərov vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraqhəmin dərman vasitəsinin ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb.

E.Məhərov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi