Atletlər Kəndində avstriyalı idmançıları vuran avtobus sürücüsü həbs olunub

Atletlər Kəndində avstriyalı idmançıları vuran avtobus sürücüsü həbs olunub “Bakubus” MMC-nin vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır
Hadisə
13 İyun , 2015 15:14
Atletlər Kəndində avstriyalı idmançıları vuran avtobus sürücüsü həbs olunub

Bakı. 13 iyun. REPORT.AZ/ Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq Atletlər Kəndində baş verən hadisə ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, rəsmi açıqlamada bildirilib ki, iyun ayının 11-də saat 8.30-da I Avropa Oyunlarının Atletlər Kəndinin nəqliyyat deposunda “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus avtobus hərəkət zolağından çıxaraq piyadalar üçün səki ilə gedən Avstriyanın sinxron üzgüçülük üzrə yığma komandasının üzvləri Vanessa Sahinoviçə və Luna Pacerə bədən xəsarətləri yetirib.

Həmin idmançılar dərhal xəstəxanaya yerləşdirilərək onlara bütün zəruri tibbi yardımlar göstərilib, sonradan isə müalicələrini davam etdirmələri üçün Azərbaycan hökuməti tərəfindən Vyana şəhərinə göndərilmələri təmin edilib.

Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) ilə cinayət işi başlanılıb.

Yol-nəqliyyat hadisəsini törətmiş avtobusun sürücüsü Vəli Əhmədov elə həmin gün şübhəli şəxs qismində tutulub və ona ittiham elan edilməklə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib.

Prosessual araşdırmalar çərçivəsində həmçinin yüksək ixtisaslı sürücülərin işə götürülməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyən “Bakubus” Məhdud Məsuliyyətli Cəmiyyətin aidiyyəti vəzifəli şəxslərinin hüquqi məsuliyyət məsələsinə də baxılır.

İş üzrə istintaq hərəkətləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi