Yuxarı

"Atena" şirkətinin əməkdaşı bankdan oğurluq edərkən tutulub - FOTO

Rayonda bir neçə oğurluq faktlarının üstü açılıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Ağcabədidə oğurluqla məşğul olan dəstə yaxalanıb. "Report"un məlumatına görə, dəstənin üzvlərindən biri, "Atena" süd məhsulları kombinatında mühafizəçi işləyən Ağcabədi şəhər sakini, 25 yaşlı Elmir Gülmalıyev olub. Dəstənin digər üzvləri - 24 yaşlı Cəmaləddin Hüseynov və 39 yaşlı Xəyal Talıbovdur. 

Rayonda yerləşən kredit təşkilatından oğurluq etdikləri zaman rayon polisi tərəfindən hadisə yerindəcə yaxalanan dəstə üzvlərinin istintaq zamanı digər əməlləri də ortaya çıxıb.

"İnkişaf üçün Maliyyə" MMC-nin Ağcabədi filialının direktoru Vaqif Vəliyev şikayət ərizəsi ilə rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, naməlum şəxslər Agcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən "İnkişaf üçün Maliyyə" MMC-nin Ağcabədi filialının binasının arxa tərəfində, pəncərənin dəmir barmaqlıqlarını kəsərək binaya daxil olublar. Binaya girən zaman oğrular tanınmamaları üçün maskadan istifadə ediblər.  

Binanın içərisində filiala məxsus seyfi dəmir alətlərlə sındıraraq içərisində olan 235 manat nağd pulu oğurlayıblar. Binanın içində olan əmanət ödəmə aparatını sındıraraq içərisində olan kassa qabını çıxarıblar.

Həmçinin "Modenis" MMC-dən rayon polis şöbəsinə daxil olan ərizədə bildirilib ki, gecə naməlum şəxslər Ağcabədi şəhəri Ü.Hacıbəyli prospektində yerləşən "İnkişaf üçün Maliyyə" BOKT-da İD-nömrəsi 1470 olan e-manat ödəmə terminalının qapısını sındırmaqla kasetin daxilində olan 10 min 879 manat pul oğurlayıblar.

Bundan başqa, Ağcabədi şəhər sakini Rüfət Novruzov polis şöbəsinə müraciət edərək, üzlərinə maska geyinmiş iki nəfərin H.Əliyev prospektində ona məxsus mağazadan oğurluq etmək istədikləri zaman kilidin səsinə yaxınlıqda yaşayan şəxslərin bayıra çıxması səbəbindən qarətçilərin arzusuna çatmadıqlarını və hadisə yerindən qaçdıqlarını qeyd edib.

Oğurluqla məşğul olan dəstə üzvləri Ağcabədi Rayon Dövlət Notariat Kontorundan da oğurluq ediblər.

Hazırda faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi