Bakıda həyat yoldaşını və qayınanasını döyməkdə təqsirləndirilən Elnur Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib.
Hakim Zeynəb Axundovanın icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 15-nə təyin edilib.
Qeyd edək ki, hadisə aprel ayında Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsi, Çingiz Mustafayev küçəsi, 4 ünvanında ailə münaqişəsi zəminində mübahisə baş verib. Bayramov Elnur Bəhərçin oğlu qayınanası Abdullayeva Güladə və həyat yoldaşını döyüb. Zərərçəkmişlər 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
E.Bayramova Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır xəsarət yetirmə - xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham verilib.
Bu əmələ görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzası nəzərdə tutulub.