​Arvadını bıçaqlayan şəxsə hökm oxunub

​Arvadını bıçaqlayan şəxsə hökm oxunub “O məni təhqir edirdi”
Hadisə
20 Oktyabr , 2015 16:04
​Arvadını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını bıçaqlayan, əvvəllər məhkum olunmuş İlham Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs, Gülarə Baxışova, Gülcamal Baxışova və Tahir Xəlilov dindirilib.

İ.Xəlilov ifadəsində bildirib ki, qeyri-rəsmi həyat yoldaşı Gülarə Baxışova ilə 1991-ci ildən evlidir: “Birinci arvadımdan 2 uşağım olsa da, ondan ayrılmışam. 1991-ci ildən Gülarə ilə nikahsız yaşayıram. Bizim 1 qızımız var. Öz evim yoxdur. Gülarənin anası Gülcamal xanımın həyətində balaca bir ev tikmişdik. Hər gün evə gələndə Gülarənin anası məni söyürdü. O, "ölümü-dirimi" təhqir edirdi. Axı, belə nə qədər olardı?! Artıq dözə bilmədim, bezdim. Hadisə günü isə çox hirsli idim. Hirsli-hirsli gəlib Gülnarəni bıçaqla vurdum. Lakin onu bıçaqlamaq niyyətim yox idi. Çox peşmanam. Daha sonra polis gələndə hər şeyi onlara etiraf edib, təslim oldum”.

G.Baxışova isə dindirilən zaman onu bıçaqlayan həyat yoldaşı İ.Xəlilovu bağışlamaq istəmədiyini deyib: “İlham əvvəllər də içirdi. Bir müddət tövbə edib içkini atsa da, yenidən evə sərxoş halda gəlirdi. Hər gün kirayə ev tutub burdan çıxmaq istədiyini deyirdi. Lakin ona deyirdim ki, bizi necə saxlayacaqsan?! Hadisə günü məndən alışqan istədi. Alışqanı ona verdim və İlham əlimdən tutub məni küçəyə apardı. O dedi ki, anan mənə yenə söydü. İlhamdan içki iyi gəlirdi. Ona "içki içmisənmi" sualını verəndə məni vurdu. Əvvəl məni bıçaqla vurduğunu bilmədim. İlham bıçağı atıb getdi. Evə gəlib anamı çağırdım ki, məni qan aparır. Anam da səs-küy salmağa başladı. Dedim tez maşın çağırıb, məni xəstəxanaya çatdırın. Bu zaman qızım gəldi. O məni yaralı və qanlı vəziyyətdə görəndə çox qorxdu. Qızıma "qorxma" deyib sakitləşdirdim. Daha sonra taksi gəldi və məni xəstəxanaya apardılar”.

Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror İ.Xəlilovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirə otağından qayıdan hakimlər hökmü oxuyub. Məhkəmənin hökmü ilə İ.Xəlilov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il Sumqayıtda yaşayan İlham Xəlilov qeyri-rəsmi nikahda olduğu Gülarə Baxışovanı ailə münaqişəsi zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan G.Baxışovanın həyatını xilas etmək mümkün olub. Hadisədən sonra İ.Xəlilov polisə təslim olub.

İ.Xəlilov 2007-ci ildə Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə 4 il 6 ay müddətinə məhkumluq həyatı yaşayıb.

Son xəbərlər

Orphus sistemi