Həyat yoldaşını binadan atıb öldürən art-direktorun məhkəməsində zərərçəkən və şahid ifadə verib

Həyat yoldaşını binadan atıb öldürən art-direktorun məhkəməsində zərərçəkən və şahid ifadə verib Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
21 İyun , 2019 16:20
Həyat yoldaşını binadan atıb öldürən art-direktorun məhkəməsində zərərçəkən və şahid ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.  

“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Adelyanın anası Samirə Süleymanovanın dindirilməsi davam etdirilib.

R.Taxveli narkotikin təsiri altında həyat yoldaşını balkondan ataraq öldürməkdə və azyaşlı uşağına fiziki təzyiq göstərməkdə ittiham edilir. Məhkəməyə əlil arabasında gətirilən R.Taxveli Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alır. O, məhkəmədə psixoloji problemləri olan şəxslərə xas hərəkətlər edərək özünü yaxşı hiss etmədiyini bildirib.

Qızının döyülməsi, ailə münasibətlərində problemlərin olması haqqında Samirə Süleymanovanın dediklərinə cavab olaraq təqsirləndirilənin vəkili məhkəməyə Ramiz Taxvelinin ailəsi ilə birlikdə çəkdirdiyi fotoları təqdim edib. O vurğulayıb ki, Ramiz ailəsi ilə səmimi münasibətdə olub. Hakim bildirib ki, hər ailədə söz-söhbət, problem ola bilər və məhkəmədə ailədəki problemləri yox, cinayət hadisəsi araşdırılır.

Zərərçəkmiş tərəfin vəkili də bildirib ki, ailənin hansısa şad günündən çəkilmiş fotoları məhkəməyə təqdim edərək onların mehriban olduğunu demək əsassızdır.

R.Taxvelinin "qızını necə sevdiyimi bilirdinmi" sualı qadının sərt cavabına səbəb olub: "Bu suala nə cavab verim? Sən çox murdar adamsan. Burada olanların hamısı da tamaşadır".

Hakim ona xəbərdarlıq edib.

Prosesdə şahid qismində Taxveli ailəsinin övladının dayəsi Sevda Rzayeva dindirilib. O suallara cavab olaraq ər-arvadın münasibətlərində son zamanlar soyuqluq hiss etdiyini və problemin Ramiz Taxvelidən yarandığını bildirib. O, R.Taxvelinin uşaqla yaxşı davranmadığına şahid olduğunu da deyib. Ramiz Taxvelinin narkotik vasitə istifadə edib-etməməsi barədə suala cavab olaraq S.Rzayeva deyib ki, bir dəfə evdə kibrit qutusunda marixuana tapıb.

Ramiz Taxveli şahidə etiraz edərək "Sevda, sənə ayıb olsun" deyib.

Cinayət işinə yeni qoşulan vəkil Qanqa İbrahimov materiallarla tanış olmaq üçün vaxt istəyib.

Proses iyunun 28-də davam edəcək.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi