Yuxarı

Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin vəkiləri bəraət istəyiblər

Arif Alışanovu öldürməyə cəhddə təqsirləndirilən şəxslərin vəkiləri bəraət istəyiblər

Məhkəmədə hər iki vəkil arasında mübahisə yaranıb

Bakı. 13 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Hüseynovun vəkili Gülşən Salmanova müdafiə çıxışı edib.

O, çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini istəyib. Vəkil bildirib ki, cinayətin açılmasında A.Hüseynovun xidmətləri olub, müvəkkili saxlandığı gündən bəri istintaqla əməkdaşlıq edib.

Daha sonra müdafiəçi müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib.

G.Salmanovun çıxışına digər təqsirləndirilən Ş.Əkbərovun vəkili etiraz edib. Məhkəmədə iki vəkil arasında mübahisə yaranıb. Hakim hər iki müdafiəçini sakitləşdirib.

A.Hüseynovun digər vəkili Nüşabə Ağayeva da müdafiə çıxışı edib. Həmin vəkil də müvəkkili barəsində bəraət hökmün çıxarılması istəyib.

Məhkəmədə Q.Cəbiyev və S.Əkbərovun vəkilləri də müdafiə çıxışı ediblər. Hər iki təqsirləndirilən şəxsin vəkili hüquqlarını müdafiə etdikləri şəxslərin barəsində bəaraət hökmünün çıxarılmasını tələb ediblər.

S.Əkbərovun müdafiəçisi İmamqulu Həsənov bildirib ki, müvəkkili barəsində verilən ittihamların heç biri məhkəmə dövründə sübuta yetirilməyib. O deyib ki, müvəkkili Ş.Əkbərovun A.Alışanov və onun ailə üzvləri ilə biznes əlaqələri olub: "Şücayət Əkbərovun onu öldürmək niyyəti olmayıb".

Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror Ş.Əkbərovun 18 il, Q.Cəbiyevin 16 il, Z.Şirinovun 17 il və A.Hüseynovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Həmçinin dövlət ittihamçısı Ş.Əkbərovun özü, keçmiş həyat yoldaşı və qızının adına olan bir sıra əmlakların müsadirə olunmasını və A.Alışanova dəymiş ziyanın ödənməsinə yönəldilməsini tələb etmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi