"Aqroinvest" Kredit İttifaqının İdarə Heyətinin sədrinin məhkəməsi başlayıb

"Aqroinvest" Kredit İttifaqının İdarə Heyətinin sədrinin məhkəməsi başlayıb Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aqroinvest Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əyyub Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
17 Sentyabr , 2018 13:45
Aqroinvest Kredit İttifaqının İdarə Heyətinin sədrinin məhkəməsi başlayıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Aqroinvest" Kredit İttifaqı Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) İdarə Heyətinin sədri Əyyub Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

Elan olunmuş ittiham üzrə Ə.Əhmədov özünü təqsirli bilmədiyini deyib.

Daha sonra şahid qismində Vurğun Əzizov ifadə verib. O, kredit təşkilatından 1200 manat təsərrüfat üçün pul götürdüyünü söyləyib: "Kreditin 900 manatdan artığını ödəmişəm. Lakin adıma 10 min əlavə kredit götürülməsindən xəbərim olmayıb. Mənə bu barədə prokurorluqda bildirdilər".

Digər şahid Səidə Rüstəmova dindirilən zaman qeyd edib ki, "Aqroinvest" Kredit İttifaqı MMC-də baş mühasib işləyib. O, təşkilatdan ayrılan kreditlərdən xəbərsiz olduğunu vurğulayıb: "Mən, sadəcə, qəbzlərə, ödənişlərə nəzarət edirdim. Kredit şöbəsinə Əliyaz Feyzullayev nəzarət edirdi və kreditləri o ayırırdı. Əliyaz müəllim də vəfat edib".

Təqsirləndirilən Ə.Əhmədov da ayrılan kreditlərə mərhum Ə.Feyzullayevin nəzarət etdiyini söyləyib. O bildirib ki, Ə.Feyzullayev kredit alan şəxsləri, ayrılan məbləği müəyyənləşdirib, onlara hazır sənəd gətirib.

Şahid Bəhram Nəsirov isə təşkilatdan 46 min manat pul alaraq təsərrüfatla məşğul olmağa başladığını deyib. O, adına yazılmış əlavə 15 mindən də xəbəriz olduğunu bildirib.

Şahid Səməd Ağayev də təşkilatdan 2300 manat kredit aldığını və 2014-cü ildə ödədiyini deyib. O, adına əlavə olaraq 11 min manat pul ayrılmasından isə prokurorluqda xəbər tutduğunu ifadə edib.

Digər şahid Mehman Məhərrəmov təşkilatdan 2200 manat kredit götürdüyünü, adına isə 13 min manat əlavə pul yazdığını qeyd edib.

Nicat Rəsulov ifadəsində söyləyib ki, 1000 manat kredit götürüb adına 13 min manat kredit ayrılıb.

Şahid Amin Rəcəbov isə, ümumiyyətlə, kredit almadığı halda, adına 10 min pul ayrıldığını deyib.

Şahid qismində ifadə verən Malik Balakişiyev də adına təşkilatdan əlavə olaraq pul ayrıldığını, bunu da prokurorluqda öyrəndiyini bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

İttiham aktına əsasən, Ə.Əhmədov Sahibkarlara Kömək Milli Fondunun 470 min manat pulunu mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.

Ə.Əhmədova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Qeyd edək ki, "Aqroinvest" Kredit İttifaqı Azərbaycan Mərkəzi Bankınin 2001-ci il tarixli daimi lisenziyasına əsasən yaradılıb. "Aqroinvest" Kredit İttifaqı MMC kimi 2001-ci il aprelin 6-da İmişli şəhərində təsis olunub.

Son xəbərlər

Orphus sistemi