Yuxarı

MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavininin meyiti ailəsinə təhvil verilib

İlqar Əliyev bu gün dəfn ediləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ 1 saylı Bakı İstintaq Təcridxanasında intihar edən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailəsinə təhvil verilib.

Bu barədə “Report”a İ.Əliyevin vəkili Rəşad Mirmehdizadə bildirib.

O, İ.Əliyevin bu gün dəfn ediləcəyini bildirib.

Qeyd edək ki, Penitensiar Xidmətin yaydığı məlumata görə, dekabrın 20-də saat 15:55 radələrində Cinayət Məcəlləsinin 302.2; 308.2 və 309.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasının ikinəfərlik kamerasında saxlanılan Əliyev İlqar Mustafa oğlu intihar edib. Məlumata görə, kamera yoldaşı telefon danışığı hüququndan istifadə etmək üçün kameranı tərk etdiyi qısa müddət ərzində orada tək qalmış İ.Əliyev mələfəni ip formasına salaraq və pəncərədəki dəmir barmaqlığa bağlayaraq özünü asıb. Kamera yoldaşı qayıtdıqdan sonra hadisə ilə bağlı dərhal müəssisənin əməkdaşlarına məlumat verib və tibb heyətinin iştirakı ilə təxirəsalınmadan İ.Əliyevin həyatının xilas edilməsinə yönələn tədbirlər görülməsinə baxmayaraq, həmin anda ölüm halı artıq baş verdiyindən ona göstərilən tibbi yardım nəticəsiz qalıb.

Hadisə barədə dərhal aidiyyəti istintaq orqanlarına, İ.Əliyevin qohumlarına və müdafiəçisinə məlumat verilib. Hadisə yeri Bakı şəhər prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə müayinə edilib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb və istintaq aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi