Anqolada silah alveri ilə məşğul olduğunu deyən şəxs Bakı sakininə qarşı dələduzluq edib

Anqolada silah alveri ilə məşğul olduğunu deyən şəxs Bakı sakininə qarşı dələduzluq edib İşdə Akif Çovdarovun da adı hallanır
Hadisə
22 Dekabr , 2016 14:45
Anqolada silah alveri ilə məşğul olduğunu deyən şəxs Bakı sakininə qarşı dələduzluq edib

Bakı. 22 dekabr. REPORT.AZ/ Bakı sakini Şəhriyar Bayramova qarşı külli miqdarda dələduzluq edilib.

Bu barədə “Report”a Ş.Bayramovun özü məlumat verib.

Zərərçəkmişin sözlərinə görə, Zahir Qədim oğlu Qasımov onun 207 min manat və 21 min dollarını dələduzluq yolu ilə aldadaraq, ələ keçirib: “Zahir Qasımov 2012-ci ilin sentyabr ayının 19-da biznes qurmaq məqsədi ilə məndən 200 min manat pul aldı. Mən həmin məbləği bir neçə nəfərdən borc almaqla və bu işdən bir qədər əvvəl satdığım əmlak hesabına verdim. Görüntü yaratmaq üçün o, qazanc adı ilə həmin puldan bizə bir neçə ay 3-4 min manat verdi”.

Ş.Bayramov bildirib ki, 2014-cü ilin yanvar ayının 5-də Z.Qasımov onları yenidən aldadıb: “O, artıq Belarusiyada bina tikintisinə başladığını deyərək, bizdən 78 min manat əlavə pul da aldı. Bundan başqa, Zahir Qasımov Akif Çovdarovla yaxın münasibətlərindən istifadə edərək, keçmiş MTN vasitəsi ilə mənə təziq etdirdi. Daha sonra isə guya məsələnin həllinə kömək etmək məqsədi ilə 21 min dollar aldı. Deyirdi ki, Akif Çovdarova Belarusiyada səfirlikdə işləyən oğlu Qədim Qasımov vasitəsi ilə pul çatdırılıb. Bir müddət sonra Zahir Qasımov bizə hissə-hissə 71 min manat pulu geri qaytardı. O, bizi aldadaraq, ümumilikdə 207 min manat və 21 min dollar pulu dələduzluq yolu ilə ələ keçirdi”.

Zərərçəkmiş söyləyib ki, Z.Qasımovdan həmin pulları qaytarmasını tələb etdikdə ona Anqolada silah alveri ilə məşğul olduğunu deyib: “Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan birlik vasitəsilə əməliyyatı başa çatdırdıqdan sonra pulumu qaytaracağını ifadə etdi. Bununla bağlı əlimizdə səs yazıları da var. Həmin səs yazısında Zahir Qasımov Azərbaycanda bir neçə tanınmış şəxsin adını da çəkib”.

Ş.Bayramov məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə hüquqlarını müdafiə etdiyi vəkil Cavad Cavadov vasitəsilə müraciət ediyini vurğulayıb: “Hazırda istintaq şöbəsində araşdırma aparılır. Eyni zamanda Zahir Qasımovun oğlu Qədim Qasımovun həqiqətən Belarusda diplomatik missiyada işləyib-işləməməsi, həmin halların araşdırılması ilə bağlı Xarici İşlər Nazirinə müraciət edilib. Baş prokuror Zakir Qaralovdan, daxili işlər naziri Ramil Usubovdan bu işin nəzarətə götürülməsini xahiş edirik”.

Son xəbərlər

Orphus sistemi