Yuxarı
    Bağlamaq

    ​Bakıda anası və qardaşını döyərək öldürən şəxsin apellyasiya şikayəti üzrə məhkəmə qərarı açıqlanıb

    Oleq Abişevin apellyasiya şikayəti təmin edilməyib

    Bakı. 7 mart. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində anası və qardaşını döyərək öldürməkdə təqsirləndirilən Abişev Oleq Surxayeviç barəsində apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

    "Report"un məlumatına görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb. O.Abişevin apellyasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, qətl hadisəsi 2013-cü il fevral ayının 13-də Pirallahi qəsəbəsi, 29-cu məhəllə, ev 15, mənzil 60 ünvanında baş verib. O.Abişev qardaşı Yuriy Abişevi döyərək öldürüb. Daha sonra o, yataq otağında çarpayıda uzanmış anası Lidiya Abişevi də döyərək qətlə yetirib. Hadisədən sonra O.Abişev qonaq otağında dolabın siyirməsindən 9 manat pul, mənzildə olan və ümumi dəyəri 2 manat 50 qəpik təşkil edən 1 ədəd üzqırxan, 1 ədəd böyüdücü şüşə, 2 ədəd cib bıçağı, 1 ədəd kitab, 1 ədəd qadın dırnaq lakı və 1 ədəd dəftəri özü ilə götürərək evdən uzaqlaşıb. Hadisədən sonra hər iki şəxsin meyiti qonşular tərəfindən aşkar edilərək, polisə xəbər verilib.

    Hüquq-mühafizə xidmətinin əməkdaşlarının araşdırması zamanı O.Abişev şübhəli şəxs qismində istintaqa cəlb edilib. O, ilkin ifadəsində özünü təqsirli bildiyini, anasını və qardaşını öldürdüyün etiraf edib.

    O.Abişev Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

    2013-cü il sentyabr ayının 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Abişev ömürlük azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi