AMEA-nın elmi işçisi və İsfəndiyar Axundovun qardaşı oğlu məhkəmədə ifadə verib

AMEA-nın elmi işçisi və İsfəndiyar Axundovun qardaşı oğlu məhkəmədə ifadə verib "Araz özünü mənə "Procter & Gamble" şirkətinin işçisi kimi təqdim etdi"
Hadisə
7 Oktyabr , 2015 15:05
AMEA-nın elmi işçisi və İsfəndiyar Axundovun qardaşı oğlu məhkəmədə ifadə verib

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahidlər - Rasim Orucov, Kənan Buludzadə və Şövqi Həsənov və təqsirləndirilən şəxs ifadə verib.

Hüquqşünas olan R.Orucov ifadəsində Arazla Eldənizin aralarında imzalanan sənədin rəsmi qaydada təsdiqləndiyini bildirib: "Bu işlərin hüquqi cəhətdən həyata keçrilməsində hüquqşünas kimi iştirak etmişəm. Eldəniz Axundov məni Arazla tanış etdi. O, Arazla aralarında imzalanan 2 milyon 770 min dollar nağd pulun rəsmi qaydada həll olunmasını istədi. Araz özünü mənə "Procter & Gamble" şirkətinin işçisi kimi təqdim etdi. O bizə Sabunçu rayonu ərazisindəki evinin sənədlərini və qiymətləndirmə kağızını göstərdi. Araz Eldənizdən alacağı pullarla Orxan Rəsulova olan borclarını qaytaracağını bildirdi. Biz də onun dürüst adam olduğuna inanıb müqavilə izaladıq. Daha sonra həmin sənədi rəsmi olaraq notariusda təsdiqlətdirdik".

R.Orucov 6 fevral 2014-cü il tarixdə A.Eyvazovla E.Axundov arasında imzalanmış sənədi məhkəmə heyətinə təqdim edib.

Daha sonra hakim A.Məcidov Şərur Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rəfail Rəsulovun oğlu Orxan Rəsulovun müdafiəçisindən ötən məhkəmə iclasında Araza verdiyi 370 min dollar pulun sənədlərini gətirib-gətirmədiyini yenidən soruşub. O.Rəsulov isə sənədləri gətirmədiyini deyib.

E.Axundova məxsus olan "Aqat" şadlıq sarayında əvvəllər nəzarətçi işləyən K.Buludzadə dindirilən zaman restoranın anbarından A.Eyvazovun satılacaq malları apardığını bildirib.

Lakin A.Eyvazov bunun yalan olduğunu və Vüsal Cəfərovun onu aldatdığını vurğulayıb: "Vüsalın Türkiyədən göndərdiyi mallar xarab çıxdı. O məni də aldatdı. Malların xarab çıxacağından xəbərim yox idi".

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Şövqi Həsənov isə bunları deyib: "Mən heç vaxt Türkiyədən mal gətirməmişəm. Əvvəl mənə Vüsaldan təklif gəldi. O, 2012-ci ildə məni Arazla tanış etdi. Mənim işim Vüsalın Türkiyədən göndərdiyi malların Bakıda satış qiymətinin dəyərləndirilməsi olub. Ümumi gəlirin isə 8-10 faizi mənə çatmalı idi. Lakin bu işdən heç bir qazanc əldə etməmişəm. Araz mənə dedi ki, "Procter & Gamble" şirkətinin mallarını gətirirəm. Bir neçə dəfə Arazın Eldənizdən pul almasına şahidlik etmişəm. Xarab mallara görə dəyən 45 min manat ziyanı isə Eldəniz Araza görə keçdi. Bundan başqa, bir neçə dəfə Türkiyədən gələn TIR-ların anbara daxil olmasını görsəm də, özüm həmin yerə Araz tərəfindən buraxılmamışam. O, həmişə deyirdi ki, burada tez-tez yoxlama olur".

Məhkəmənin növbəti iclası oktyabrın 12-nə təyin edilib.

Xatırladaq ki, E.Axundov "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğludur.

Qeyd edək ki, hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi