Yuxarı

"AMAY" ticarət mərkəzinin sahibinə hökm oxunub

Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "AMAY" ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, həmçinin Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Beləliklə, Abdulla Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.

Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanov 3 il sınaq müddəti olmaqla 9 il müddətinə şərti, həmçinin Nadejda İlyasova 8 il müddətinə şərti azadlıqdan məhrum olunub.

Xatırladaq ki, A.Abdullayev bu il aprelin 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu “AMAY” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib. Ona Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb, haqqında həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, daha əvvəlki proses zamanı dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək məhkəmədən Abdulla Abdullayevin 14, Nadejda İlyasovanın 9, digər təqsirləndirilənlər Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanovun hər birinin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Sonuncu məhkəmə prosesində isə A.Abdullayev son söz deyib. O, özünü təqsirli bilmədiyini söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi