"AMAY Abdulla"nın işçilərinin məhkəməsində deputatlığa keçmiş namizəd dindirilib

"AMAY Abdulla"nın işçilərinin məhkəməsində deputatlığa keçmiş namizəd dindirilib Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xudafərin MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
14 Sentyabr , 2018 11:40
AMAY Abdullanın işçilərinin məhkəməsində deputatlığa keçmiş namizəd dindirilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnistitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Əli Ağaevli şahid qismində ifadə verib.

O dindirilənkən söyləyib ki, 2012-ci ildə oğlu Elşən Ağaevlinin adına "Xudafərin" MMC-dən ev alıb: "Evi Azər Xəlilov və Abdulla Abdullayevdən almışam. Pul əvəzinə öz "Mercedes" markalı avtomobilimi vermişəm. Daha sonra ölkə xaricindəydim, qayıdanda evi başqasına satdığını bildim. Sonra məhkəməyə müraciət etdim".

Daha sonra şahid qismində Vidadi Qurbanov ifadə verib. Bildirib ki, daha əvvəl “AMAY” MMC-də baş mühasib vəzifəsində çalışıb, "AMAY Abdulla" kimi tanınan Abdulla Abdullayevlə birgə həbs edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.

V.Qurbanov məhkəmədə 2013-ci ildə istintaqa verdiyi ifadəsini təsdiq etdiyini qeyd edib. Məhkəmədə ona sual verilsə də, xatırlamadığını söyləyib.

Məhkəmədə elan olunub ki, zərərçəkmişlər Vüsal Orucovla Saleh Məmmədəliyev məhkəməyə zərərin ödənildiyi barədə sənəd yollayıb. Hər iki şəxs şikayətçi olmadıqlarını bildiriblər.

Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.

Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təsirli bilmədiklərini deyib.

Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Qeyd edək ki, şahid qismində adı keçən Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüb.

Son xəbərlər

Orphus sistemi