"AMAY Abdulla"nın dələduzluqda təqsirləndirilən işçisi məhkəmədə ifadə verib

"AMAY Abdulla"nın dələduzluqda təqsirləndirilən işçisi məhkəmədə ifadə verib Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xudafərin MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
28 Sentyabr , 2018 11:27
AMAY Abdullanın dələduzluqda təqsirləndirilən işçisi məhkəmədə ifadə verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid  Qurbanov və Türkiyə vətəndaşı Emin Gülün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən A.Məmmədov sərbəst ifadə verib.

O bildirib ki, 2002-ci ildən "Xudafərin" MMC-də menecer vəzifəsində çalışıb: "Bir müddət keçəndən sonra təsisçi və 2007-ci ildən isə direktor vəzifəsində çalışdım. Tikinti işləri zəiflədi. 2011-ci ildə Azər Xəlilov adlı bir nəfər Abdulla müəllimə danışıb, 25 mənzilin tikinti işlərini üzərinə götürdü. Sonra mən direktor vəzifəsindən imtina etdim, ora ara-sıra gedib-gəlirdim. Direktor vəzifəsinə isə Nicatı təyin etdik. Mən də təsisçi idim deyə Azər Xəlilovun işinə qarışmırdım. Heç bilmirdim ki, o, mənzilləri neçəyə satır. Bu barədə Azərdən soruşdum. O dedi ki, mənzilləri tikinti matrealları aldığı şəxslərə girov kimi verib, pulu olanda geri qaytarır. Mən ona söylədim ki, aramızda müqavilə bağlayaq. Yəni ki, həmin girov qoyduğu mənzillər bizim MMC-yə aid olmasın, həmin mənzillər birbaşa Azərlə bağlı olsun. Biz aramızda müqavilə bağladıq".

A.Məmmədov qeyd edib ki, bir mənzilin bir neçə şəxsə satıldığını istintaq dövründə bilib: "Kiminsə dələduzluq etdiyini haradan biləydim? 2007-ci ildə həm təsisçi idim, həm də direktor idim, əgər dələdzuluq etmək istəsəydim həmin vaxt mənzilləri ələ keçirərdim. Həmin vaxt da əlimdə 25 mənzil var idi, satardım, möhür də öz əlimdə idi. Mən bunu etmədim".

Qeyd edək ki, "Xudafərin" MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Məhkəmədə elan olunmuş ittiham üzrə Anar Məmmədovla Ramiz Quluzadə özlərini qismən təqsirli bildiklərini, digərləri isə özlərini təsirli bilmədiklərini deyib.

Xatırladaq ki, "Xudafərin" MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi