Azərbaycanda Almaniyanın Brandenburq vilayətindən idxal olunan quş əti idxalına məhdudiyyət qoyulub.
Bu barədə “Report”a Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) məlumat verilib.
Məlumata əsasən, Almaniyanın Brandenburq vilayətində, xəstəlik baş vermiş təsərrüfatın 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Almaniya Federativ Respublikasının Brandenburq vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.