Yuxarı

Allahşükür Paşazadə böyük nümayəndə heyəti ilə birlikdə İsveçə gedib

Səfər çərçivəsində İsveç Krallığının rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulub

Bakı. 17 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 17-də İsveç Krallığına səfərə yola düşüb. Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Səfərdə məqsəd Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin və İsveç Krallığının Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) təşkilatçılığı ilə Stokholmda noyabrın 18-19-da keçiriləcək "Multikulturalizm və dinlərarası tolerantlıq: Azərbaycanın təcrübəsi və onun Avropa üçün əhəmiyyəti" mövzusunda elmi konfransda iştirak etməkdir.

Şeyxülislam A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Azərbaycandakı konfessiyaların rəhbərləri - Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası Arxiyepiskopu Aleksandr İşein, Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının Ordinarisi Vladimir Fekete, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç Stokholma yola düşüblər.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin də iştirak etdiyi konfransda “Dinlərarası tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan və İsveç modelləri: müqayisəli təhlil” mövzularında panel iclasları keçiriləcək. QMİ sədri A.Paşazadə konfransda məruzə ilə çıxış edəcək.

Səfər çərçivəsində İsveç Krallığının rəsmiləri və din xadimləri ilə görüşlər nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi