Ali Məhkəmə prokurorun tikinti şirkətinin rəhbərini öldürməkdə təqsirləndirilən qardaşlarla bağlı protestini təmin etməyib

Ali Məhkəmə prokurorun tikinti şirkətinin rəhbərini öldürməkdə təqsirləndirilən qardaşlarla bağlı protestini təmin etməyib Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb
Hadisə
27 May , 2017 17:29
Ali Məhkəmə prokurorun tikinti şirkətinin rəhbərini öldürməkdə təqsirləndirilən qardaşlarla bağlı protestini təmin etməyib

Bakı. 27 may. REPORT.AZ/ Ali Məhkəmədə Bakıda “Azər-Ross” MTK-nın rəhbərini qətlə yetirməkdə təqsirləndirilən Sahil və Şamil Şamilov qardaşlarının barələrində olan məhkəmə qərarından dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

"Report"un məlumatına görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun kassasiya protesti təmin edilməyib, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, ittiham aktına əsasən, qətl hadisəsi 2011-ci il iyulun 11-i saat 13:00 radələrində paytaxtın Nərimanov rayonu Teymur Əliyev küçəsində yerləşən “Azər-Ross” mənzil-tikinti kooperativində baş verib. Qurumun təsisçisi Əflatun Piriyev odlu silahdan açılmış atəşlə qətlə yetirilib, baş mühasib Əmiraslan Əhmədov ağır yaralanıb.

İstintaq araşdırmaları zamanı cinayət işi üzrə dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, şirkətin təsisçilərindən biri olan Hümbət Məmmədov vətəndaşları aldadaraq bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq edib. Cinayət işi üzrə dələduzluqla üzləşmiş 26 vətəndaş zərərçəkmiş qismində tanınıb. Zərərçəkən vətəndaşlardan 24 nəfərindən 1 milyon 777 min manat pul alınıb və onların heç birinə mənzil verilməyib.

Daha sonra Sahil və Şamil Şamilov qardaşları, H.Məmmədov, Tofiq Bəkirov, Fəriman Hacıyev və Vüsal Qurbanov saxlanılıb.

2013-cü ilin iyulun 1-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və V.Qurbanov ömürlük, T.Bəkirov 14 il, F.Hacıyev 14 il 6 ay, Sahil və Şamil Şamilov qardaşları isə hər biri 12 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən təqsirləndirilən şəxslər apellyasiya şikayəti veriblər. Sahil və Şamil qardaşları barələrində olan hökmün ləğv edilməsini və bəraət hökmünün çıxarılmasını istəyiblər. Digər təqsirləndirilən şəxslər cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra Sahil və Şamil qardaşları kassasiya şikayəti veriblər.

Onlar bildiriblər ki, qətl hadisəsinin törədilməsində iştirak etməyiblər. Hər iki qardaş barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Zərərçəkmiş tərəf Şamilov qardaşlarının şikayətinə etiraz etməyiblər.

Ali Məhkəmədə işə baxan hakimlər Şamilov qardaşları ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin qərarını ləğv ediblər və işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul ediblər.

Bakı Apellyasiya Məhkəməsində, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şamilov qardaşlarının ittiham olunduqları Cinayət Məcəlləsinin 120.2.1, 120.2.5 və 29, 120.2.7-ci maddələri həmin məcəllənin 307.1-ci (cinayət barədə xəbər verməmə) və 307.3-cü (xüsusilə ağır cinayəti gizlətmə) maddələrinə tövsif edilib. Şamilov qardaşlarının indiyə kimi çəkdikləri cəza hesablanıb və onların cəzaları çəkilmiş hesab edilib. Hər iki qardaş məhkəmə zalından azadlığa buraxılıb.

Son xəbərlər

Orphus sistemi