Ali Məhkəmə prokurorun bəraət alan qadınla bağlı protestini təmin edib

Ali Məhkəmə prokurorun bəraət alan qadınla bağlı protestini təmin edib Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
6 Yanvar , 2018 11:53
Ali Məhkəmə prokurorun bəraət alan qadınla bağlı protestini təmin edib

Bakı. 6 yanvar. REPORT.AZ/ Ali Məhkəmədə Bakıda həyat yoldaşını öldürməkdə təqsirləndirilən Nuridə Kərimovanın barəsində çıxarılan bəraət hökmündən prokurorluq tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorun N.Kərimovanın cəzasının ağırlaşdırılması ilə bağlı kassasiya protesti təmin edilib, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apellyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, Sabunçu rayonunun Ramana qəsəbəsində yaşayan Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarətləri) meyiti 2016-cı il iyulun 23-də evində tapılıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə-məişət münaqişəsi zəminində törətməkdə şübhəli bilinən həyat yoldaşı, Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Nuridə Kərimova tutulub.

Məlum olub ki, V.Kərimov Sabunçu qəsəbəsindəki kafelərdən birində dönərçi işləyirmiş. 27 yaşlı qadın bildirib ki, əri gecələr evə sərxoş vəziyyətdə gəlirmiş və ailəyə yaxşı baxmırmış. İyulun 23-də növbəti dəfə evə içkili halda gələn V.Kərimov N.Kərimova ilə dalaşıb. Ərinin bıçaq götürüb onu öldürəcəyini görən qadın daha cəld tərpənərək özü bıçağı götürüb və zərbələr endirib.

N.Kərimovaya Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə N.Kərimova barəsində bəraət hökmü çıxarıb. Hökmdən narazı qalan prokurorluq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi isə prokurorun apellyasiya protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlayıb.

Qeyd edək ki, cütlüyün 4 yaşlı qızı qalıb. Azyaşlı hadisə vaxtı ana babasının evində olub.

Son xəbərlər

Orphus sistemi