​Ali Məhkəmə “Oazis” restoranında dava salan şəxslərin şikayətinə baxıb

​Ali Məhkəmə “Oazis” restoranında dava salan şəxslərin şikayətinə baxıb Təqsirləndirilən şəxslərin kassasiya şikayəti təmin edilməyib
Hadisə
1 Fevral , 2016 09:22
​Ali Məhkəmə “Oazis” restoranında dava salan şəxslərin şikayətinə baxıb

Bakı. 1 fevral. REPORT.AZ/ Ali Məhkəmədə “Oazis” restoranında xuliqanlıq etməkdə təqsirləndirilən Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Məmmədov Camal Mahir oğlu, 1986-cı il təvəllüdlü Abdullayev Ravid Yusif oğlu, 1987-ci il təvəllüdlü Əsgərov Zaur Mahir oğlu, Şəki rayon sakini, 1995-ci il təvəllüdlü Adıgözəlov Kənan Mehman oğlu, Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Tumasov Emil Rafiq oğlu və Gürcüstan Respublikası vətəndaşı, 1983-cü il təvəllüdlü Tomayev Azad Nizami oğlunun kassasiya şikayəti üzrə məhkəməsi başa çatıb.

“Report” xəbər verir ki, Ali Məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin kassasiya şikayəti təmin edilməyib. Beləliklə, Binəqədi Rayon Məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabr ayının 2-də, gecə saat 22:00 radələrində, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 24 ünvanında yerləşən “Oazis” restoranında baş verib. Həmin restoranda övladının ad gününü keçirən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əsgərov Zaur Mahir oğlu onların masasında əyləşən digər tanışı Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Tumasov Emil Rafiq oğlunun ünvansız söyüş söyməsinə ofsiant Adıgözəlov Rəhman Mehman oğlu kobud normada irad bildirib. Z.Əsgərovla E.Tumasov və onların digər tanışı, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Abdullayev Ravid Yusif oğlu restaranda R.Adıgözəlovla mübahisə zamanı onu döyüblər. Həmin şəxslər xidmətçinin baş nahiyəsinə yumruq zərbələr endiriblər və onun sağlamlığına yüngül zərər vurublar.

Bu zaman restoranda ofsiant işləyən Şəki rayon sakini, 1995-ci il təvəllüdlü Adıgözəlov Kənan Mehman oğlu qardaşı R.Adıgözəlovun döyülməsini görüb, hadisə yerinə yaxınlaşıb. O, burada R.Abdullayevə xəsarət yetirərək, qardaşını həmin şəxslərin əlindən alıb.

Daha sonra hadisə yerinə restoranda mühafizəçi vəzifəsində çalışan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Camal Mahir oğlu və baş inzibatçı vəzifəsində işləyən Gürcüstan Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Tomayev Azad Nizami oğlu gəlib. Restoran işçiləri qanlı dava zamanı qonaqlardan E.Tumasovun sağlamlığına yüngül zərər vurublar. Hadisə yerinə Binəqədi Rayon Polis əməkdaşları gəlib. Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.

C.Məmmədov, R.Abdullayev, E.Tumasov və A.Tomayev Cinayət Məcəlləsinin (CM) 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), K.Adıgözəlov CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və Z.Əsgərov 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli biliniblər.

2015-ci ilin iyun ayında Binəqədi Rayon Məhkəməsində C.Məmmədov, K.Adıgözəlov, R.Abdullayev 9 ay 7 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. E.Tumasovla A.Tomayevin qazancından 20 faiz tutulmaqla 2 il müddətinə şərti olaraq islah işləri cəzasına məhkum olunub. Məhkəmə Z.Əsgərova isə 2 il sınaq müddəti ilə şərti cəza tətbiq edib.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin müdafiəçilər prosesin ilkin baxış iclasında məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakimlər vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan Ali Məhkəməyə kassasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi