Məhkəmədə Akif Çovdarovun əməlindən zərər çəkənlərdən birinin vəfat etdiyi elan olunub - YENİLƏNİB-2

Məhkəmədə Akif Çovdarovun əməlindən zərər çəkənlərdən birinin vəfat etdiyi elan olunub - YENİLƏNİB-2 Proses noyabrın 30-na təyin olunub
Hadisə
28 Noyabr , 2016 16:49
Məhkəmədə Akif Çovdarovun əməlindən zərər çəkənlərdən birinin vəfat etdiyi elan olunub - YENİLƏNİB-2

*** saat 12:21; *** saat 13:48

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarovun vəkili Şahin Rəfiyev vəsatətlə çıxış edib.

O, müvəkkilinin səhhəti ilə bağlı ekspertizanın keçirilməsini istəyib. Vəkil bildirib ki, A.Çovdarovun səhhəti ağırlaşıb, məhkəməyə gəlməkdə çətinlik çəkir.

Vəsatət baxılmamış saxlanılıb.

Vəkil Kamandar Nəsibov jurnalistlərə bildirib ki, daha sonra şahid qismində Taryel Əliyev dindirilib. T.Əliyev ifadəsində zərərəçəkmiş Şahmar Qurbanovun ondan 10 min manat pul alıb vermədiyini deyib: "Bu günə qədər də pulumu qaytarmayıb".

Vəkil qeyd edib ki, A.Çovdarovun müdafiəçiləri iki vəsatətlə çıxış edib: "Tibbi ekpertizaya əlavə sualların verilməsi və Akif Çovdarovun Almaniyada əməliyyat edən həkimlərin gətirilməsini istədik. Vəsatətimiz təmin edilmədi".

Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş, "Moda" mağazasının sahibi Əbil Vəzirovun dünyasını dəyişdiyi elan olunub. Daha sonra həmin epizod üzrə şahid Fuad Ələkbərov ifadə verib.

O bildirib ki, Ə.Vəzirov ondan sağ ikən 35 min manat pul alıb və MTN-ə verib.

Ə.Vəzirovun hüquqi varisi Şərəf Vəzirovadır. O, xəstə olduğu üçün məhkəməyə gəlməyib.

İttiham aktında qeyd edilib ki, Ə.Vəzirov A.Çovdarovun göstərişi ilə 2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları tərəfindən tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətirilib. Orada Ə.Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satması barədə etiraf etməsi tələb olunub. Bundan sonra onu təxminən gün ərzində 10 saatdan artıq orada saxlayıb, Ə.Vəzirovdan 200 min ABŞ dolları gətirməyini, əks halda onu da Mişa kimi həbs eləməklə hədələyiblər. Razılığa əsasən, Ə.Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində pul vəsaitini gətirib şəxsən A.Çovdarova MTN-də verib.

Proses noyabrın 30-na təyin edilib.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi