Akif Çovdarovun məhkəməsində Sabirabad xəstəxanasının baş həkimi ifadə verib

Akif Çovdarovun məhkəməsində Sabirabad xəstəxanasının baş həkimi ifadə verib Proses qapalı keçirilib
Hadisə
19 Aprel , 2017 21:53
Akif Çovdarovun məhkəməsində Sabirabad xəstəxanasının baş həkimi ifadə verib

Bakı. 19 aprel. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş Sayibxan Səmədov ifadə verib.

Jurnalistlərin suallarını cavablandıran A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, S.Səmədov təqsirləndirilən S.Məmmədova 32 min dollar və 15 min manat pul verdiyini söyləyib.

Vəkil qeyd edib ki, onun istintaqda verdiyi ifadəsi ilə məhkəmədəki ifadəsinin arasında ziddiyətlər var:

“O, istintaq dövründə söyləyib ki, MTN əməkdaşları ondan 200 min dollar pul istəyib. Daha sonra 50 min dollara razılaşıblar və Səlim Məmmədova 45 min manat pul verib. Məhkəmədə isə 32 min dollar və 15 min manat pul verdiyini dedi. Köhnə kursa çevirəndə isə onun çox pul verdiyini bildirdik. Sayibxan Səmədov buna heç cür izah verə bilmədi”.

Daha sonra Sabirabad Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov dindirilib. O, məhkəmədə verdiyi ifadəsində Qədim Edilovun xəstəxanaya gəldiyini söyləyib:

“Qədim Edilov xəstəxanaya gələndə kəllə-beyin travması aldığını bildiridi. Biz də onu Şirvan Rayon Xəstəxanasına göndərdik. Oranı da istəmədi, sonra “Semaşko”ya getdi. Lakin Bakıda ona kəllə-beyin travması yazmadılar. Çünkü müəyyənləşdirə bilmədilər. Bizə gələndə halının pis olduğunu dedi, lakin üzündə, bədənində qançırlar yox idi. Onun əmisi oğlu Sabirabad rayon prokurorunun müavini vəzifəsində çalışır. Qədim Edilov xəstəxanaya xəsarət almış kimi daxil olsa idi, onu qeydiyyata götürərdik. Lakin belə bir hal baş verməmişdi. O, Bakıda tanımadığı şəxslər tərəfindən döyüldüyünü söylədi”.

Sabirabad Mərkəzi Rayon Xəstəxanasının həkimi Rahib Cavadov da oxşar ifadə verib.

Şahid qismində dindirilən Cavad Şıxəliyev isə bildirib ki, Q.Edilova 50 min dollar pulu oğluna ev almaq üçün verib:

“Evi də ala bilmədim. Hazırda hələ də pulumu qaytarmır. Mən ona borc pul verməmişəm. Qədim Edilov yalan danışır”.

Xaləddin Yusifov ifadəsində söyləyib ki, zərərçəkmiş Qədim Edilov ona qarşı dələduzluq edib:

“Qədim Edilov mənə 176 min 700 dollar pul “atıb”. Guya taxta gətircəkdi, pulumu yedi. Sonra Nərimanov Rayon Polis İdarəsinə şikayət elədik”.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi