Bakı. 21 oktyabr.
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid Sahib Cahangirli ifadə verib.
O, ifadəsində 2013-cü ildən İ.Qasımovun "Real" MTK şirkətində çalışdığını bildirib: "2014-cü ildə hazır olan binalara sakinlərin köçürülməsi ilə məşğul olmuşam. Daha sonra müqavilə bağlandı. Müqaviləyə əsasən, binalar tikiləndən sonra mənə 10,5 milyon manatlıq ev verilməli idi. Lakin həmin pullar verilmədi. Binəqədi Rayon Məhkəməsinə müraciət edim. Məhkəmənin qərarına əsasən, mənə 4,5 milyon manat ziyan dəyildiyi göstərildi. İstintaq zamanı ifadə verərkən təzyiqlərlə üzləşdiyim üçün kağızlara baxmadım".
Onun sözlərinə görə, şair Gülağa Tənha tikinti üçün pul verəndə orada olub.
Daha sonra zərərçəkmiş Kamal Məmmədov dindirilib. O, ev almaq üçün İ.Qasımovun oğluna pul verdiyini bildirib: "Mənim İlham Qasımovdan şikayətim yoxdur. Evi onun oğlundan almışam. Mənzili alandan 4 il sonra bir nəfər də gəldi ki, həmin ev ona satılıb. Lakin evimin sənədləri var və hazırda orada yaşayıram".
İ.Qasımov zərərçəkmiş K.Məmmədovu birinci dəfə gördüyünü vurğulayıb: "Əgər evdə yaşayırsansa, nə şikayətin var?"
Zərərkçəkmiş K.Məmmədov isə məhkəməyə nəyə görə çağırıldığını bilmədiyini qeyd edib.
Məhkəmənin növbəti iclası noyabrın 28-nə təyin edilib.
Qeyd edək ki, İ.Qasımov bu il iyun ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə İ.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
Daha sonra İ.Qasımov barəsində CM-nin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ittiham irəli sürülüb.
Məhkəmə prosesində zərərçəkmiş qismində şair Gülağa Tənha (Gülağa Qəmbərov) ifadə verib. O, İ. Qasımova 19,5 milyon dollar verdiyini deyib.
Xatırladaq ki, İ.Qasımovun adı ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işi üzrə zərərçəkmiş qismində keçir.