Akif Çovdarovun məhkəməsində zərərçəkmiş ifadə verib: "MTN işçisi oğlumu qaçırıb 50 min manat istədi" - YENİLƏNİB-2

Akif Çovdarovun məhkəməsində zərərçəkmiş ifadə verib: "MTN işçisi oğlumu qaçırıb 50 min manat istədi" - YENİLƏNİB-2 Məhkəmədə Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinin baş həkimi də iştirak edib
Hadisə
30 Noyabr , 2016 17:52
Akif Çovdarovun məhkəməsində zərərçəkmiş ifadə verib: MTN işçisi oğlumu qaçırıb 50 min manat istədi - YENİLƏNİB-2

Bakı. 30 noyabr. REPORT.AZ/ Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası günün ikinci yarısında davam etdirilib.

"Report"un məlumatına görə, prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşı İsgəndər Hüseynovun həyat yoldaşı Xədicə Hüseynova dindirilib.

O, ifadəsi zamanı bildirib ki, həyat yoldaşının zərərçəkmiş Şahmar Qurbanovdan evi necə almasından xəbərsizdir: "İsgəndər məndən şəxsiyyət vəsiqəmi aldı, sonra ev adıma keçirildi. Mən Şahmar Qurbanova vəsiqəmi verməmişəm".

Onu da əlavə edək ki, İ.Hüseynov noyabrın 23-də keçirilən prosesdə ifadə verib.

Daha sonra təqsirləndirilən Akif Əliyevin “Met-ak” MMC epizodu üzrə şahid Raul İsmaylov dindirilib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Zərərçəkmiş "Met-ak" MMC-nin sahibləri Alik Kərimov ifadəsində heç bir tələbinin olmadığını bildirib: "Mən əslində MTN generalı Sübahir Qurbanovdan şikayətim olub. Çünkü onun cinayət işində MTN əməkdaşı Natiq Aliyev mənim oğlumu qaçırıb 50 min manat istəmişdi. Mən də buna görə incik düşdüm deyə müraciət etdim. Sonra Akif Əliyevin epizodu üzrə zərərçəkmiş kimi tanındım".

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin edilib.

*** saat 13:40

Bakı. 30 noyabr. REPORT.AZ/ Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, prosesdə zərərçəkmiş Şahmar Qurbanovun epizodu üzrə şahid qismində İradə Vəliyeva dindirilib.

O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Daha sonra təqsirləndirilən Akif Əliyev epizodu üzrə zərərçəkmiş “Met-ak” MMC-nin maliyyə işləri üzrə direktoru Fuad Zülfüqarov ifadə verib. O, da istintaqa verdiyi ifadəsini təsdiqləyib.

F.Zülfüqarov zərərçəkmiş qismində istintaqa ifadəsində deyib ki, şirkəti onun dayısı Alik Kərimov hələ 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. Öüz isə şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.

F.Zülfüqarov bildirib ki, 2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin sabiq işçisi Akif Əliyev onu idarəyə çağırıb. Onun sözlərinə görə, A.Əliyev ondan 50 min manat istəyib: "Lakin ona 10 min manat verdim".

*** saat 13:02

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxlərin vəkillərinin məhkəməyə gəlmədiyi elan olunub. Ona görə də prosesdə 20 dəqiqəlik fasilə elan edilib.

Daha sonra "Moda" mağazası epizodu üzrə şahidlərin dindirilməsinə başlanılıb. Jurnalistlərin iştirakı olmadan baş tutan iclasda A.Çovdarov məhkəməyə üç həkimin müşayiəti ilə oksigen balonunda gətirilib. Bundan başqa, məhkəmədə Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinin baş həkimi də iştirak edir.

İttiham aktında qeyd edilib ki, Ə.Vəzirov A.Çovdarovun göstərişi ilə 2009-cu ilin oktyabr ayının 17-də MTN əməkdaşları tərəfindən tutularaq Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasına gətirilib. Orada Ə.Vəzirova hədə-qorxu gələrək Mişa adlı şəxsə qanunsuz antikvar əşya satmasını etiraf etməsi tələb olunub. Bundan sonra onu təxminən 10 saatdan artıq orada saxlayıb, Ə.Vəzirovdan 200 min ABŞ dolları gətirməyini, əks halda onu da Mişa kimi həbs edəcəkləri ilə hədələyiblər. Razılığa əsasən, Ə.Vəzirov ümumilikdə 80 min ABŞ dolları məbləğində pul vəsaitini gətirib şəxsən A.Çovdarova MTN-də verib.

Proses hazırda davam etdirilir.

Qeyd edək ki, A.Çovdarov ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Son xəbərlər

Orphus sistemi