*** saat 14:06
Bakı. 27 fevral.
“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş "Yeni Yasamal" MTK-nın rəhbəri Cahangir Alışovun epizodu üzrə bir neçə şahid ifadə verib.
Onlar həmin MTK-dan ev aldıqlarını bildiriblər.
A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqamasında qeyd edib ki, iclasda vəsatətlə çıxış ediblər. Onlar "Yeni Yasamal" MTK-nın qeydiyyat jurnalının məhkəməyə gətirilməsini istəyiblər.
Məhkəmə vəsatəti təmin edib.
Vəkil bildirib ki, prosesdə zərərçəkmiş Nadir Feyziyev istintaqa verdiyi ifadəsini təkzib edib: "O, Cahangir Alışov epizodu üzrə zərərçəkmişdir. Nadir Feyziyev istintaqdakı dindirilmə zamanı MTN-in sabiq əməkdaşı Alı Nəbiyevin onu nazirliyin inzibati binasında qanunsuz saxladığını söyləmişdi. Guya Alı ondan evlər tələb edib. Ötən prosesdə də bu epizod üzrə Alı Nəbiyev ifadə vermişdi. Bu dəfə Nadir Feyziyev dedi ki, onu nazirliyin inzibati binasında çox adam saxlayıb".
S.Rəsulov söyləyib ki, N.Feyziyevlə A.Nəbiyev arasında məhkəmədə üzləşmə olub: "Üzləşmə zamanı Nadir Feyziyev Alı Nəbiyevi tanımadığını, onu heç xatırlamadığını bildirdi. O, istintaqda verdiyi ifadəsini təsdiqləmədi".
A.Çovdarov isə zərərçəkmişin yalan danışdığını deyib: "Zərərçəkmişlər sanki leşyeyən quşlara oxşayırlar. Onlar elə bilirlər ki, mənim bu vəziyyətimdən istifadə edəcəklər".
Günün ikinci yarısında davam etdirilən prosesdə şahid qismində Rauf Sultanov ifadə verib. O qeyd edib ki, zərərçəkmiş Nəsib Əliyevin dələduzluq əməlləri ilə bağlı MTN-nə şikayət ediblər: "Bu şikayətdən sonra Nəsib Əliyev onlara mənzil verib".
Vəkil S.Rəsulov söyləyib ki, N.Əliyev dələduzluqda ittiham olunub və o, hazırda həbsdədir.
İclasdan sonra zərərçəkmiş C.Alışov jurnalistlərə açıqlama verərkən bildirib ki, o, məhkəmənin gedişatından razıdır. Zərərçəkmiş bütün məhkəmə proseslərində epizodların araşdırdığını vurğulayıb: "Mənə ümumilikdə 6 milyon 322 min manat zərər dəyib. Bu işdə məndən başqa 60 nəfər də zərərçəkmiş kimi tanınıb. Akif Çovdarov məhkəmə proseslərində əvvəl özünü xəstəliyə vururdu, lakin son vaxtlar o, aktivlik göstərir. Bu da ondan ibarətdir ki, vəkilləri onu arxayın edib. Dəymiş zərərin ödənilməsinə ümid edirəm".
Zərərçəkmiş C.Alışov açıqlamasında qeyd edib ki, A.Çovdarov onu nazirliyin inzibati binasına aparandan sonra təzyiqlər göstərib: "O, məni orada döymək və həbslə hədələdi. Mənəvi zərər çəkmişəm. Bu yolla əmlakımızı mənimsəyib".
Onun sözlərinə görə, A.Çovdarovun cinayətləri öz təsdiqini tapıb: "Bu cinayətlərin bəzilərini Akif Çovdarov təsdiq edib, hətta bəzilərində isə başını aşağı salıb, susub, danışmaq istəməyib".
Məhkəmənin növbəti prosesi martın 1-nə təyin edilib.
Xatırladaq ki, C.Alışov istintaqakı dindirilməsində göstərib ki, A.Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra C.Alışov A.Çovdarova 350 min manat verib.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət
sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.