Akif Çovdarov barəsində açılmış cinayət işinin ibtidai istintaqı bu ay yekunlaşacaq

Akif Çovdarov barəsində açılmış cinayət işinin ibtidai istintaqı bu ay yekunlaşacaq O, vəkili vasitəsi ilə Səbail Rayon Məhkəməsinə şikayət edib
Hadisə
24 Avqust , 2016 10:57
Akif Çovdarov barəsində açılmış cinayət işinin ibtidai istintaqı bu ay yekunlaşacaq

Bakı. 24 avqust. REPORT.AZ/ Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində açılmış cinayət işinin ibtidai istintaqı avqustun 30-da yekunlaşacaq.

Bu barədə "Report"a onun vəkili Sadiq Rəsulov məlumat verib.

Vəkil bu barədə qeydin istintaq materiallarında göstərildiyini bildirib.

O, A.Çovdarovun istintaq hərəkətlərinin aparılmasından narazı olduğunu da qeyd edib. Vəkil bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxsə ayrılan vaxtla istintaq materialları ilə tanış olmaq mümkün deyil: "Ayrılan vaxtla hər gün 3-4 cildlə tanış olmaq tələbi qoyulub. Akif Çovdarovun səhhətində problem olduğu üçün bu mümkün deyil. Ona görə də istintaqın bu qərarından Səbail Rayon Məhkəməsinə şikayət etmişik. Müraciətimizə yaxın günlərdə baxılacaq".

Qeyd edək ki, A.Çovdarov 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1 (Rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (Rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (Rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (Rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham olunur.

Bundan başqa, onun barəsində Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə də cinayət işi açılıb.

O, ötən ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Son xəbərlər

Orphus sistemi