Polis Akademiyasında təntənəli mərasim keçirilib - VİDEO

Polis Akademiyasında təntənəli mərasim keçirilib - VİDEO Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər
Hadisə
246
2 İyul , 2021 16:45
Polis Akademiyasında təntənəli mərasim keçirilib - VİDEO

Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov başda olmaqla nazirliyin rəhbər heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin abidə kompleksi önünə tər çiçək dəstələri düzüblər.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad olunub.

Sonra respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş mərd mübarizlərin uyuduğu Şəhidlər xiyabanı ziyarət olunub.

İyulun 2-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2020-2021-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib. Respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tədbirdə iştirak edib.

Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış, xidməti borcu yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdıran nazir general-polkovnik Vilayət Eyvazov Azərbaycan polisinin keçdiyi şərəfli inkişaf yolu, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, peşəkar kadr özəyinin yaradılması, möhtərəm Prezident İlham Əliyevin başçılığı ilə daxili işlər orqanlarında həyata keçirilən islahatlardan, struktur dəyişikliklərindən, xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Müasir maddi-texniki bazaya, infrastruktura və qabaqcıl texnologiyaya malik mobil daxili işlər orqanlarında yaradılmış elektron xidmətlərin, veb-saytların, qaynar xətlərin, həmçinin "ASAN xidmət" mərkəzlərində fəaliyyətin vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldiyini qeyd edən general-polkovnik V.Eyvazov şəxsi heyətin peşə hazırlığının zamanın yeni təhdid və çağırışlarına cavab verən səviyyəyə yüksəldilməsi üçün ardıcıl iş aparıldığını da qeyd edib.

O bildirib ki, son 18 ildə 22 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib, əllərdə qanunsuz saxlanılan 17 minə yaxın odlu silah yığılıb və onun tətbiqilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb. Cinayətlərin orta hesabla 84 faizinin açılması təmin olunub, axtarışda olan 58 mindən çox təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 13 tona yaxın narkotik vasitə çıxarılıb. Respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı bu gün də əksər dünya ölkələri ilə müqayisədə xeyli azdır.

Hazırda dünyanın, o cümlədən Azərbaycanın, son yüz ilin ən böyük qlobal çağırışlarından biri ilə üzləşdiyini, bəşəriyyətin COVID-19 virusuna qarşı mübarizə apardığını, bir ildən artıq müddətdə xüsusi karantin rejimində yaşadığımızı bildirən general-polkovnik V.Eyvazov bu müddətdə polis əməkdaşlarının və Daxili Qoşunların hərbi qulluqçularının gücləndirilmiş iş variantında xidmət apardığını, insanların həyati problemlərinin həllinə yardımçı oluduğunu vurğulayıb. O da qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə qarşılıqlı əlaqədə ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli bütün kütləvi tədbirlərdə ictimai qayda və təhlükəsizlik yüksək səviyyədə təmin edilib.

Polis və Daxili Qoşunların milli maraqların, sabitliyin və asayişin keşiyində mətinliklə dayandığını, insan hüquq və azadlıqlarının müdafiəsi üçün böyük bir fəaliyyət ortaya qoyduğunu, bunun bariz nümunələrindən birinin də, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm qələbəmizlə nəticələnmiş Vətən müharibəsi günlərində şəxsi heyətin ölkədə hərbi vəziyyət rejimini etibarlı təmin etməsini, bu gün isə işğaldan azad olunmuş ərazilərdə öz şərəfli xidmətini böyük əzm və peşəkarlıqla davam etdirməsini xüsusilə qeyd edən nazir V.Eyvazov ölkə başçısının bu peşə bayramı ərəfəsində 26 əməkdaşın dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli əməkdaşa ali xüsusi rütbə verildiyini xatırladaraq, bunun Prezidentin şəxsi heyətə göstərdiyi ali diqqət və qayğının növbəti əyani ifadəsi olduğunu bildirib, eyni zamanda, daxili işlər orqanlarının və Daxili Qoşunların asayişin və təhlükəsizliyin təmini üzrə fəaliyyətini dövlət başçısının yüksək qiymətləndirdiyini, eləcə də respublika ictimaiyyəti tərəfindən təqdir olunduğunu məmnunluq hissi ilə vurğulayıb.

Daha sonra cənab V.Eyvazov qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetirən Polis Akademiyasının xüsusi rolunu qeyd edərək məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib.

Daxili işlər naziri Vilayət Eyvazov təntənəli mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, polis bundan sonra da asayişin və daxili təhlükəsizliyin qorunması işinə layiqli töhfələr verəсək, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları tam yerinə yetirəсəkdir.

Nazir eyni zamanda xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, kütləvi informasiya vasitələrinin nümayəndələrinə təşəkkürünü bildirib.

Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanov ali polis təhsil ocağında təlim-tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazanın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə məruzə ilə çıxış edib.

O, daxili işlər naziri V.Eyvazovu əmin edib ki, Akademiyanın kollektivi təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi barədə qarşıya qoyulan tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün daim əzmlə çalışacaq, bilik və bacarıqlarını əsirgəməyəcəkdir.

Tədbirin sonunda daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş 4 məzuna diplom və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər "Azərbaycan Polisi" marşını ifa ediblər.

Sonda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

Son xəbərlər

Orphus sistemi