Ağstafada şagirdlər arasındakı mübahisənin təfərrüatı məlum olub

Ağstafada şagirdlər arasındakı mübahisənin təfərrüatı məlum olub Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli orta məktəbdə şagirdlər arasında baş verən və bir nəfərəin kəsici alətlə xəsarət alması ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.
Hadisə
3 Dekabr , 2021 13:35
Ağstafada şagirdlər arasındakı mübahisənin təfərrüatı məlum olub

Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə şagirdlər arasında baş verən və bir nəfərin kəsici alətlə xəsarət alması ilə nəticələnən mübahisənin təfərrüatı məlum olub.

Məktəbin direktoru Vəfa Tağıyeva "Report"un Qərb bürosuna bildirib ki, hadisə noyabrın 27-də saat 11:40 radələrində, məktəbdən kənarda mağazada qeydə alınıb.

Direktorun sözlərinə görə, mübahisə edən şagirdlərin hər ikisi həmin gün məktəbdə olmayıblar:

"Həmin hadisə nə məktəbdə, nə də həmin şagirdlərin dərs vaxtı olub. Ümumiyyətlə, məktəb yoldaşına kəsici alətlə xəsarət yetirən şagird 10 gün idi dərsə gəlmirdi. Həmin gün anası onu duz almaq üçün mağazaya göndərib. Şagirdin yaşadığı ev məktəbə yaxın ərazidədir. Küçədə xəsarət alan 6-cı sinif şagirdi ilə rastlaşıb və aralarında nə olubsa ona kəsici alətlə yüngül kəsik xəsarəti yetirib. Mən həmin saatda məktəbdə idim və bir də gördüm ki, polis əməkdaşları gəldilər. Məsələni biləndən sonra onlara da bildirdim ki, hər iki şagird dərsdə olmayıb və hadisə məktəb daxilində qeydə alınmayıb. Özləri də məsələni araşdırıb dəqiqləşdirdilər. Sonra mən xəsarət alan şagirdin evinə getdim və baxdım ki, ciddi xəsarəti yoxdur. Birinci gün hər iki şagird məktəbə gəlib və bu gün də məktəbdə olublar".

V.Tağıyeva onu da deyib ki, hadisəni törədən 5-ci sinif şagirdinin psixoloji problemi var: "Məktəbimizin psixoloqu bu barədə mənə məlumat verəndən sonra bir neçə dəfə şifahi, 1 dəfə yzılı və bir dəfə də həmin şagirdin valideynlərini məktəbə çağırıb xəbərdarlıq etmişəm. Hətta onun bibisi də müəllimədir, o, da bizim kimi, bu barədə uşağın valideynlərinə müraciət edib ki, bu şagirdi xüsusi məktəblərdən birinə köçürüb orda təhsilinə davam etdirmək lazımdır.

Bununla bağlı xüsusi sənədlərin hazırlığına başlanılmışdı. Təəssüf ki, sənədləşmə işləri başa çatmadan belə bir hadisə oldu. Biz həmin uşağa məktəbdə xüsusi nəzarət yetiririk. Sinif rəhbərinə də tapşırmışdım ki, ona mütləq ciddi nəzarət yetirin. O, həmişə məktəbdə xüsusi nəzarət altında olub. Valideynlərinə də dəfələrlə bu barədə demişik, lakin uşağı təhsildən yayındırmaq olmaz deyə dərsə gəlməsinə icazə vermişdim.

Çox güman ki, sənədləşmə işləri başa çatdıqdan sonra həmin şagird yaxınlarının da razılığı ilə Bakı şəhərində fəaliyyət göstərən çətin tərbiyə olunan şagirdlər üçün nəzərdə tutulan xüsusi məktəbə köçürüləcək və təhsilini orada davam etdirəcək."

Qeyd edək ki, Ağstafa şəhər A.Abdullayev adına 2 nömrəli tam orta məktəbdə 1300 şagird təhsil alır və rayonun ən böyük məktəbidir. Həmin məktəbin 5-ci sinif şagirdi 6-cı sinifdə oxuyan şagirdə kəsici alətlə yüngül xəsarət yetirib.

Faktla bağlı polis əməkdaşları araşdırma aparıb, hər iki məktəbli ilə profilaktik söhbətlər olub.

Son xəbərlər

Orphus sistemi