Ağcabədi. 16 dekabr. REPORT.AZ/ Ağcabədi rayonunda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.
"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Boyat kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq, əks istiqamətdə hərəkət edən "VAZ-2107" markalı avtomobilə, daha sonra isə qarşı tərəfdə hərəkətdə olan traktorun qoşqusuna çırpılıb. Qəza zamanı "VAZ-2106" markalı avtomobildə olan, rayonun Qaraxanlı kənd sakini, 24 yaşlı Fərzəliyev Namiq Şöhrət oğlu ölüb.
Hadisə nəticəsində daha iki nəfər, o cümlədən "VAZ-2106" markalı avtomobilin sürücüsü Tahir Əliyev xəsarət alıb. Yaralılar ətrafdakı insanların köməkliyi ilə Ağcabədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Ağcabədi rayon Polis Şöbəsində araşdırma aparılır.
Xatırladaq ki, bir müddət əvvəl rayonda avtomobil piyadanı vuraraq öldürüb.